Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birlikdə UNİCEF-in Azərbaycan hökuməti ilə əməkdaşlığının 20-ci ildönümü münasibətilə "Uşaqlar naminə birləşək" şüarı altında tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan hökuməti və UNİCEF arasındakı Ölkə Əməkdaşlıq Proqramının Orta Dövr İcmalı nəzərdən keçirilib. Baş nazirin müavini Elçin Əfəndiyevin sədrlik etdiyi iclasda aidiyyatı nazirliklərin nümayəndələri, vətəndaş cəmiyyəti, BMT agentlikləri və diplomatik nümayəndəliklərinin üzvləri, UNİCEF-in Nyu-Yorkdakı baş qərargahından təşkilatın proqramlar üzrə direktor müavini Suzana Sotollini iştirak edib.
Uşaqların hüquqlarının müdafiəsi sahəsində mövcud olan problemlərin dünya miqyaslı və bəşəri olduğunu deyən baş nazirin müavini Elçin Əfəndiyev tədbirdə çıxışında bildirib ki, yer kürəsində elə bir ölkə tapmaq olmaz ki, uşaq problemlərin həlli üçün səy göstyərməsin. Rəsminin sözlərinə görə, Azərbaycanda da bu problem xüsusi olaraq ciddi əhəmiyyətə malikdir: "Çünki Azərbaycanda 1 milyon 300 mindən artıq qaçqın və məcburi köçkün var ki, onun da bir hissəsini uşaqlar təşkil edir. Ona görə də ölkənin ən vacib sahələrindən, o cümlədən uşaq siyasətinin əsas prioritetlərindən biri də məhz uşaqların hüquqlarının müdafiə olunması, onların keyfiyyətli təhsil, diqqət və qayğı ilə əhatə olunması, layiqli vətəndaş kimi formalaşmasıdır. Son illər Azərbaycanın birinci xanımı Mehriban Əliyevin uşaq məsələlərinə diqqəti də bu sahəyə qayğının daha da artmasına səbəb olub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkədə uşaqların intellektual inkişafı, onların sağlam böyüməsi üçün mühüm layihələr həyata keçirir. Mövcud məsələlərin həlli istiqamətində Azərbaycan beynəlxalq təşkilatlar, xüsusilə YUNİCEF-lə əlaqələrin daha da güclənməsinə xüsusi önəm verir. 20 il ərzində Azərbaycan YUNİCEF-lə mühüm işlər həyata keçirib və bu layihələr gələcəkdə də davam etdiriləcək".
Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, artıq Azərbaycan müəyyən müddətdir ki, beynəlxalq təşkilatlarla münasibətlərinin tənzimlənməsində yeni mərhələyə başlayıb: "Ölkənin iqtisadi inkişafı və siyasi nüfuzu onun beynəlxalq təşkilatlar daha sıx əməkdaşlıq etməsinə gətirib çıxarıb. Bu gün Azərbaycan bir sıra beynəlxalq təşkilatların, o cümlədən YUNİCEF-in yaxın partnyorudur. Həmin əməkdaşlıq ölkədə uşaqların inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirilməsinə və təcrübə mübadilələrinin aparılmasına təkan verir".
UNİCEF-in Nyu-Yorkdakı baş qərargahından təşkilatın proqramlar üzrə direktor müavini Suzana Sotollini Azərbaycanın YUNİCEF-lə birgə fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, bir sıra inkişaf etmiş ölkələr kimi Azərbaycan da uşaq hüquqlarının müdafiəsi sahəsində bir çox uğurlara imza atıb: "Azərbaycan əvvəllər beynəlxalq təşkilatların təcrübəsindən istifadə edirdisə, bu gün artıq öz təcrübəsini dünya ölkələri ilə bölüşür".
Tədbirin davamında gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, digər dövlət qurumlarının nümayəndələri UNİCEF-lə birgə əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verib, o cümlədən qarşıda duran problemlər və onların həlli istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.
Daha sonra tədbirdə YUNİCEF-in fəaliyyətinin əsas prioritet sahələrini özündə əks etdirən foto-sərgi və təşkilatın ölkədəki fəaliyyətinə həsr edilən sənədli film nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilmiş musiqi proqramının müşayəti ilə verilən ziyafətlə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB