"30-dan artıq dövlət proqramı həyata keçirilir"

"30-dan artıq dövlət proqramı həyata keçirilir"

"Bu gün ölkədə uşaq problemlərinin həlli ilə bağlı 30-dan artıq dövlət proqramları həyata keçirilir. Bu proqramlar vahid dövlət uşaq siyasətinin formalaşması və həyata keçirilməsi baxımından ciddi əhəmiyyətə malikdir". SİA-nın məlumatına görə, Azərbaycanın baş nazirinin müavini Elçin Əfəndiyev UNİCEF-in Azərbaycan hökuməti ilə əməkdaşlığının 20-ci ildönümü münasibətilə "Uşaqlar naminə birləşə" şüarı altında keçirilən tədbirdə deyib ki, dövlət başçısının fərmanı ilə təsdiq edilən "Azərbaycan-2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında uşaq məsələlərinə də xüsusi yer ayrılıb.

Rəsminin sözlərinə görə, prezidentin başqa bir sərəncamı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası" uşaq hüquqlarının qorunması sahəsində qəbul olunmuş ən əhəmiyyətli sənədlərdən biri kimi dövlətin imkanlarının daha da səmərəli istifadəsinə münbit zəmin yaradıb: "Həyata keçirilən qanunvericilik islahatları, uşaq hüquqlarının təmini, onların sağlam və yüksək təhsilli vətəndaşı formalaşması, sosial hüquqlarının qorunması üçün ciddi əsaslar yaradıb. İndi həmin əsaslar üzərində hər bir uşağa daha artıq qayğı və sevgi ilə yanaşmaq şərait var. Hamımız bu şəraitdən istifadə etməliyik. Valideyn himayəsindən məhrum olan uşaqların ailə mühitində yaşaması, uşaqların yaradıcılıq mühitində böyüməsi, onların istirahəti və asudə vaxtının təşkili, sağlam inkişafı, onlarda yeni texnologiyalara, ədəbiyyata, incəsənətə, xaric dillərə, idmana marağın gücləndirilməsi kimi mühüm məsələlər yalnız aidiyyatı qurumların deyil, bütün cəmiyyətin diqqət mərkəzində olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə