Ağdamda polis günü qeyd edilib

Ağdamda polis günü qeyd edilib. Bu gün Azərbaycan polisinin peşə bayramı münasibətilə Ağdam rayon Polis Şöbəsinin əməkdaşları əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi meydanındakı abidəsini ziyarət ediblər. Sonra tədbir rayon polis şöbəsində davam etdirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, yığıncaqda rayon hüquq mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, rayon İcra hakimiyyətinin başçısı Nizami Sadıqov və digər rəsmi şəxslər, veteran polislər iştirak ediblər.

Toplantıda çıxış edən Ağdam rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov Azərbaycan polisinin peşə bayramının 95-ci il dönümü münasibətilə şəxsi heyəti təbrik edib. Azərbaycan polisinə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyi, hazırda da polis əməkdaşlarının əməyinin ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirildiyi yığıncaq iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda Ağdam rayon Polis Şöbəsinin adından və yerli icra hakimiyyətinin rəhbərliyi tərəfindən işində fərqlənən bir qrup polis əməkdaşına diplom və hədiyyələr təqdim olunub.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə