“Korrupsiyaya qarşı mübarizə tədbirləri effekt verir”

ABUC layihəni yekunlaşdırdı
“Korrupsiyaya qarşı mübarizə tədbirləri effekt verir”

İyulun 2-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət "OLAYLAR" İA-nın konfrans zalında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının və medianın birgə mübarizəsinin təşkili" layihəsinin yekununa həsr olunmuş mətbuat konfransı keçirilib. Layihənin rəhbəri Elman Cəfərli layihə çərçivəsində keçirilən tədbirlər barədə məlumat verib.

Qeyd edib ki, bu günə qədər layihə çərçivəsində 3 dəyirmi masa keçirilib, tədbirlərdə korrupsiyanın yaranma səbəbləri ilə bağlı məlumatlar verilib, layihənin icrasına cəlb edilmiş KİV-lərdə korrupsiya ilə bağlı maarifləndimə xarakterli materiallar yerləşdirilib. Layihə rəhbəri deyib ki, layihənin icra müddətində gündəlik və həftəlik nəşr olunan 10 qəzetdə monitorinq aparılıb. Məlum olub ki, KİV son aylarda korrupsiya mövzusuna xüsusi diqqət ayırıb. Bu isə antikorrupsiya tədbirlərinin gücləndirilməsi ilə bağlıdır. Korrupsiya ilə mübarizədə iki nümunənin populyar olduğunu və bu usülların şərti olaraq Qərb-demokratik və Şərq-avtoritar metodları adlandırıldığını deyən layihə rəhbəri Azərbaycanda korrupsiya ilə mübarizədə əsasən demokratik metodlara üstünlük verildiyini bildirib: "Korrupsiyaya qarşı mübarizdə Qərb ölkələrinin təcrübəsi daha demokratikdir. Bu yol demokratik mübarizə metodlarını: ictimai qınaq, maarifləndirmə və s. metodları özündə ehtiva edir. Şəqrdə korrupsiyaya qarşı sərt inzibati metodlardan istifadə olunur. Bəzi Şərq ölkələrində, o cümlədən Şimali Koreyada, Çində korrupsionerlərə ölüm hökmü də çıxarılır. Sərt inzibati yollar korrupsiyanın kökünü kəssə də, müvəqqəti xarakter daşıyır. Daha yaxşı olar ki, cəmiyyət maariflənsin, korrupsiyanın cəmiyyət üçün ümumi bir bəla olduğunu dərk etsin".

Layihə rəhbəri deyib ki, inkişaf etmiş Qərb ölkələrində siyasi partiya insititutu, müxalifət təşkilatları, vətəndaş cəmiyyəti, QHT sektoru və media güclü olduğundan ictimai qınaq da güclüdür və korrupsiyanın meydanı dardır. O ölkələrdə məmurların korrupsiya ilə məşğul olma imkanları azdır. Layihənin eksperti, hüquqşünas Alim Hüseynli Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində əldə olunmuş uğurlardan danışıb: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədilə çoxlu sayda qanunlar qəbul edilib, dövlət proqramları icra edilib. Ölkədə korrupsiya ilə mübarizənin səmərəli surətdə həyata keçirilməsi üçün müvafiq dövlət orqanları qarşısında konkret vəzifələr müəyyənləşdirilib. Korrupsiyaya qarşı mübarizə məqsədilə nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsinə nəzarət və təklifləri ümumiləşdirib təhlil etmək məqsədi ilə işçi qrupu yaradılıb. Məhz bunun nəticəsində korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra nailiyyətlər əldə edilib. Dövlət orqanlarının fəaliyyəti sahəsi üzrə də bir sıra vacib tədbirlər həyata keçirilib. Konkret olaraq dövlət orqanlarında islahatların başa çatdırılması məqsədi ilə dövlət orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi və onların fəaliyyətində təkrarçılığın aradan qaldırılması istiqamətində bir sıra işlər görülüb. Dövlət idarəetmə sistemində aparılan islahatlar idarəetmə sisteminin səmərəliliyinin artırılmasına, beynəlxalq standartlara və bazar iqtisadiyyatının tələblərinə cavab verən idarəetmə sisteminin yaradılmasına yönəldilib. Şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərinə, ərizə və şikayətlərinə baxılması qaydalarının və müddətlərinin təkmilləşdirilməsi məqsədi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əsasnamələrində bu orqanların vəzifələrindən biri kimi şəxslərin korrupsiya ilə bağlı şikayət və ərizələrinə baxılması müəyyən edilib. Məhkəmələrin fəaliyyətinin şəffaflığının təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədi ilə kassasiya və apellyasiya instansiyası məhkəmələrinin bütün qərarlarının, habelə onlarla birlikdə aşağı instansiya məhkəmələrinin ləğv edilmiş və ya dəyişdirilmiş qərarlarının dərc edilməsi və elektron daşıyıcılarda yayılması praktikası tətbiq edilir".

A.Hüseynli deyib ki, bu prosesdə ölkədə fəaliyyət göstərən ictimai və siyasi birliklər də kənarda qalmayıb. Korrupsiyaya qarşı mübarizə məqsədilə görülən işlər hüquq mühafizə orqanlarının və məhkəmələrdən də yan keçməyib. Korrupsiyaya qarşı mübarizə məqsədi ilə hüquq mühafizə orqanları aparatlarında

daxili nəzarət qurumları yaradılıb. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış tədbirləri şöbəsi yaradılıb. Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidmətində daxili nəzarətin həyata keçirilməsi ayrıca struktur bölmələrə həvalə olunub. Prokurorluq, daxili işlər, gömrük, vergi, dövlət sərhəd xidməti orqanları əməkdaşlarının etik davranış kodeksləri təsdiq edilib. Ədliyyə sahəsində cəzaların icrası üzrə korrupsiya hallarının qarşısının alınması məqsədi ilə Cəzaların İcrasına Nəzarət üzrə İctimai Şura yaradılıb. Korrupsiyaya qarşı mübarizə məqsədilə iqtisadi və sosial sahələr üzrə də xeyli sayda tədbirlər həyata keçirilib.

A.Hüseynlinin fikrincə, bəzi inzibati tədbirlərin həyata keçirilməsi ilə korrupsiyanın səviyyəsini minimuma endirmək mümkündür. Həmin tədbirlərdən biri korrupsiyaya görə cinayət və inzibati məsuliyyətin sərtləşdirilməsidir ki, artıq bu sahədə ölkə parlamenti xeyli sayda qanunlara əlavə və dəyişiklik edib. Bununla belə maarifləndimə və ictimai qınaq amilini də gözardı etmək olmaz: "Korrupsiya cəmiyyətin sosial bəlası olduğundan ona qarşı təkcə inzibati tədbirlərlə mübarizə aparmaqla effektli nəticə gözləməyə dəyməz. Digər bir təklif dövlət idarəetmə sistemində şəffaflığın gücləndirilməsidir ki, hələlik bu istiqamətdə müəyyən addımların atılmasına baxmayaraq hələ də dövlət orqanlarının fəaliyyətində tam şəffaflığın təmin olunmasına nail olunmayıb. Tövsiyyələr sırasında daha çox korrupsiyalaşmış məmurların yeni kadrlarla əvəz edilməsidir ki, bu sahədə işlər olduqca ləng gedir. Etiraf edək ki, cəmiyyətdə hansı məmurun rüşvətxor, hansının korrupsioner olması barədə kifayət qədər bilgilər var. Sadəcə kiçik bir sorğu ilə onların kimliyinin müəyyən edilməsi mümkündür". Sonda qeyd olunub ki, layihənin yekununda korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunmuş nəticələrlə bağlı tövsüyyələr müvafiq dövlət qurumlarına göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə