İyulin 2-də Respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da polis işçilərinin peşə bayramı təntənə ilə qeyd olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqamlarının rəhbərləri, Şəhər-Rayon Polis Şöbəsinin şəxsi heyəti Heydər Əliyev Xatirə parkına gələrək Ulu Öndərin abidəsini ziyarət ediblər.
Sonra Lənkəran Şəhər-Rayon Polis Şöbəsində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubu oxunub.
Daha sonra Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki Möhübbət Hüseynovun məruzəsi dinlənilib. O, Azərbaycan polisinin keçdiyi 95 illik çətin, məsuliyyətli, eyni zamanda, şərəfli yoldan bəhs edib, 1998-ci ildən Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə hər il polis işçilərinin peşə bayramının qeyd edilməsindən, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində azərbaycan polisinin ictimai asayişin qorunmasında göstərdiyi xidmətlərindən, Lənkəran rayonunda polisin həmişə ayıq-sayıq olmasından, dövlətçiliyimizin qorunmasında görülən tədbirlərdən və s. məsələlərdən ətraflı bəhs edib.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov təbrik nitqində bildirib ki, Azərbaycan polisinin keçdiyi 95 illik bu tarixi yol şərəfli yoldur, eyni zamanda bu günkü nəsil üçün örnək olan bir yoldur.
İcra başçısı həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan polisinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan, hazırda bu yolu möhtərəm Prezidentimiz İlham Əliyevin dönmədən inkişaf və davam etdirməsindən danışaraq qeyd edib ki, xalqımız Azərbaycan polisinə böyük inam bəsləyir, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqlarının qorunmasında polisin xidmətləri danılmazdır.
Taleh Qaraşov Lənkəranda ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin şəxsi heyətinin rolunu xüsusi qeyd edərək sonda onlara ən səmimi və xoş arzularını bildirib.
Lənkəran rayon prokuroru Natiq Abdullayev, Məhkəmənin sədri Elçin Kazımov, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev, MTN Lənkəran şəhər şöbəsinin rəisi Aydın Piriyev və bir neçə polis veteranı çıxış edərək təbriklərini və ürək sözlərini söylədilər.
Polis orqanlarında səmərəli fəaliyyətinə görə şöbənin bir qrup əməkdaşına Lənkəran ŞİH başçısının Fəxri fərmanları, ŞRPŞ-nin pul mükafatları təqdim olunub, Lənkəran ŞRPŞ maliyyə bölməsinin rəisi Azad Abdullayevə polkovnik-leytenant rütbəsinin verilməsi barədə DİN naziri R.Usubovun əmri oxunub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB