Sabah leysan yağacaq

"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı istisna olunmur. Arabir güclənən şimal-qərb küləyi əsəcək". SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, iyulun 4-də də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır: "Havanın temperaturu gecə 18-21, gündüz 26-31 dərəcə isti olacaq".

Baş hidroloqun sözlərinə görə, bölgələrdə iyulun 3-də və 4-də axşam saatlarında şimşək çaxacaq: "Qısamüddətli yağış yağacağı, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli olacağı etimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Ayın 3-də aran rayonlarında havanın temperaturunun gecə 18-23 dərəcə, gündüz 30-30 dərəcə, dağlarda gecə 11-16 dərəcə, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. Ayın 4-də aran rayonlarında havanın temperaturunun gecə 17-22 dərəcə, gündüz 29-32 dərəcə, dağlarda gecə 10-12 dərəcə, gündüz 19-24 dərəcə isti olacağı proqnozlaşdırılır".

Qeyd edək ki, ölkədə yaxın iki gün ərzində qeyri-sabit və küləkli hava şəraiti müşahidə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə