Lənkəranda əhali ilə səyyar qəbul-görüşlər yerlərdə məsələlərin operativ həllinə xidmət edir

Lənkəranda əhali ilə səyyar qəbul-görüşlər yerlərdə məsələlərin operativ həllinə xidmət edir

Bəzi internet saytlarında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının rayonun Osakücə kənd inzibatı ərazi dairəsində əhali ilə səyyar qəbul-görüşü barədə yanlış və ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumat yayılıb. Məlumatda iddia olunur ki, guya görüş barədə əhali məlumatsız olub, əvvəlki görüşlərdə qaldırılan məsələlərlə bağlı vədlər verilib əməl olunmayıb, kənddə tikilən xeyir-şər evinin yarımçıq tikintisinə köməklik olunması xahiş edilib və sairə.

SİA-ya Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirilib ki, İcra başçısının yerlərdə əhali ilə səyyar qəbul-görüşləri təsdiq olunmuş qrafik üzrə keçirilir və yerli əhali görüşlə bağlı qabaqcadan məlumatlandırılır. Sonuncu görüş qrafik üzrə nəzərdə tutulduğu kimi 27 iyun 2013-cü il tarixdə Osakücə kəndində keçirilib. Görüşdə sakinlər ərazinin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərə görə, xüsusilə son illərdə kənddə müasir tələblərə cavab verən feldşer-mama məntəqəsinin, təzə məktəbin tikintisinə, kəndin ərazisindən keçən Lənkəran-Vilvan-Osakücə-Türkəncil yolunun bu il əsaslı təmir olunaraq asfaltlanmasına, yolda yeni körpülərin salınmasına və uzun fasilədən sonra əraziyə qaz xəttinin şəkilişinə görə ölkə başçısı cənab İlham Əliyevə səmimi minnətdarlıqlarını bildiriblər. Onlar çıxışlarında qaldırılan məsələlərin icrasından ötrü görülən işlərdən razılıqlarını ifadə ediblər. Eyni zamanda, görüş zamanı sakinlər kəndara yollarının təmirinə, yeni məktəblərin tikintisinə və xeyir-şər evinin istifadəyə veriləndən sonra müxtəlif avadanlıqlarla təchizatına köməklik olunmasını xahiş ediblər. Qaldırdırılan məsələlərin həllindən ötrü müvafiq tədbirlərin görülməsinin və yeni tikilən xeyr-şər evinin istifadəyə veriləndən sonra lazımi avadanlıqlarla təchizatına köməklik olunmasının qərarə alınması sakinlərin böyük razılığına səbəb olub.

"Bir daha bildiririk ki, bütün səyyar qəbul-görüşlərdə əhali tərəfindən qaldırılan məsələlərin həllindən ötrü müvafiq tədbirlər planı tərtib olunur və vaxtında icra olunmasına nəzarət olunur", - məlumatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə