Türk Dünyasından gəlmiş gənc yazıçılar millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva ilə görüşüblər. SİA-nın məlumatına görə, Türk Dünyasından gəlmiş gənc yazıçıları Bakıda görməkdən məmnun olduğunu deyən millət vəkili Qənirə Paşayeva, Türk Dünyası Gənc Yazarların toplantısının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Millət vəkili bildirib ki, harada doğulub-yaşamasından asılı olmayaraq, hər bir türk Türk dünyasının güclənməsi, birliyinin, həmrəylinin möhkəmlənməsi üçün yorulmadan çalışmalıdır: "Bizim birimizin gücü və güclənməyimiz hamımızın gücü və güclənməsi deməkdir. Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü isə Türkiyənin gücüdür."
Azərbaycanın Türk dünyasının güclənməsi, birliyi və bərabərliyi istiqamətində gördüyü işlərdən danışan millət vəkili Qənirə Paşayeva türk dünyasının birliyinin getdikcə artacağına əmin olduğunu diqqətə çatdırıb: "Biz bunun üçün əlimizdən gələni etməliyik. Birimizin ağrısı, hamımızın ağrısı olmalıdır".
Millət vəkili Türk Dünyasından gəlmiş gənc yazıçılara Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməmələri barədə ətraflı məlumat verib.
Millət vəkili Qənirə Paşayeva ortaq problemlərimizin işıqlandırılması və dünya ictimaiyyətinin diqqətinə geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türk dünyasının yazıçıları arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini də vurğulayıb.
Türk Dünyası Gənc Yazarların Bakı toplantısında iştirak etmək üçün Azərbaycana səfər etdiklərini və burada olduqlarından məmnunluq duyduqlarını deyən gənc yazıçılar Azərbaycanı özlərinə çox doğma hesab etdiklərini bildiriblər.
Qeyd edək ki, görüşün sonunda millət vəkili Qənirə Paşayeva Türk Dünyasından gəlmiş gənc yazıçılara Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və özünün müəllifi olduğu kitabları hədiyyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB