Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələr, dövlət proqramları yalnız insanların sosial-məişət firavanlığının təmin edilməsinə yönəlir. Xüsusilə də, insanların qayğılarından sayılan qaz, su, işıq məsələləri geniş şəkildə öz həllini tapdığından, ictimaiyyətin razılığı və məmnunluğu ilə qarşılanır. Düzdür, qaz təsərrüfatında əhaliyə yüksək qayğı, təhlükəsiz xidmət sahəsində müəyyən çatışmazlıqlar mövcuddur. Bütün bunları redaksiyamıza ünvanlanan şikayət məktublarında da görmək olur.
"Azəriqaz"ın Binəqədi, Suraxanı, Səbail və Abşeron rayon Qİİ-dən şikayətçi olan istehlakçılar qaz təminatında, xidmət səviyyəsində və sayğaclardan kənar süni qiymət yükləmələrinin mövcudluğundan narahatlıqlarını ifadə edirlər. Bunun da səbəbi bəzi qaz istsimar sahələrində çalışan işçilərin öz yerində olmamalarıdır. Hansı ki, qaz istisimar idarələrində elə şəxslər var ki, onlar "qaz təzyiqi", "əhali qrupu", "sərfiyat həcmi" və bu kimi adi məsələləri bilmirlər. Onlar ancaq zorakılıq metodlarından istifadə etməklə istehlakçılardan pul yığımını həyata keçirməklə işlərini bitmiş hesab edirlər. Hətta bəzən elə hallar olur ki, yerləri səhv düşən Qİİ əməkdaşları gecələr belə, mənzillərin qapılarını döyür qaz pulu vermələrini tələb edirlər. Narazılıq edənlər, etirazlarını bildirənlər isə ağır cərimələrə məhkum olunurlar. Buna misal kimi Binəqədi rayon Qaz İstismar İdarəsinin əməkdaşlarının son günlər həyata keçirdikləri "əməliyyatları" göstərmək olar.
Binəqədi rayonunda qaz təchizatı və təhlükəsizlik qaydaları heç də arzuolunan səviyyədə deyil
Biləcəri qəsəbəsi Füzuli küçəsi 55 ünvanda yaşayan İsmayılov Babaveyis şikayət məktubunda qeyd edir ki, gecə saat 22.35-də onun həyətınə gələn 5 nəfər Qİİ əməkdaşı onun mənzilinə qazın verlişinin dayandırılması barədə göstəriş aldıqlarını bildiriblər: "Səbəb göstərmədilər. Bildiriş vərəqəsi də təqdim etmədilər. Sadəcə, bu barədə Binəqədi Qİİ-in rəisi Orduxan müəllimin və onun "şillə vuran" mühəndisinin tapşırığı olduğunu söylədilər".
Şikayətçinin dediyinə görə, çağırılmamış qonaqlara 2 körpə uşağının olduğunu və tapşırığın icrasını səhər yerinə yetirməyi xahiş etsə də, özlərini qoluzorlu qoçu kimi nümayiş etdirməyə çalışanlar onun xahişini nəzərə almayıblar: "Uzun mübahisələrdən sonra bizi cərimə edəcəkləri barədə hədələyici mesaj verib getdilər. Səhərisi gün 600 manat cərimə olunmağım barədə bildiriş təqdim etdilər. Üzləşdiyim haqsızlıqla bağlı "Azəriqaz"ın rəhbərliyinə şikayət etsəm də, onlar Binəqədi rayon Qİİ-in rəisinin mövqeyini müdafiə etdilər".
Qeyd edək ki, Binəqədi rayonunda qaz təchizatı və təhlükəsizlik qaydaları heç də arzuolunan səviyyədə deyil. Məhz təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən idarənin çilingərləri Rza Məmmədov və Anar Gülməmmədov baş verən qəza səbəbindən ciddi bədən xəsarətləri almışlar. Binəqədi Qİİ-nin rəisi Orduxan Həsənəliyev hadisəni gizlətmək üçün "şilləvuran" mühəndisini təlimatlandıraraq xəsarət alanların yanına göndərib və onlara şirinikləndirici vədlər verməklə hadisəni gizlətməyə müvəffəq olmuşdur. Təbii ki, hüquq-mühafizə orqanları baş verən olaya biganə qalmayacaqlar. Hər halda təhlükəsizlik qaydalarına riayət olunmaması ilə bağlı araşdırmalar aparacaqlar.
Binəqədi rayonun Biləcəri qəsəbəsindəki yeni yaşayış massivinin sakinləri də Binəqədi Qİİ-nin qaz təchizatından heç də razı deyillər. Onların redaksiyamıza ünvanladıqları şikayət məktubunda yaşayış massivinə yeni qaz xəttinin çəkilməsi üçün onlardan pul yığıldığından, toplanan vəsaitin mənisənildiyindən və qaz xəttinin çəkilmədiyindən danışılır. Şikayətcilər iddia edirlər ki, dəfələrlə Binəqədi Qİİ rəisinə şikayət etsələr də, rəis "Mənə də çeşməli Orduxan deyərlər, bayıra çıxın" deyə bildirib.
Ümumiyyətlə, demək olar ki, Binəqədi rayonun Qİİ-sində hökm sürən neqativ vəziyyətlə bağlı çoxsaylı şikayətlər mövcuddur. Sadəcə, biz bu şikayətlərdən birini-ikisini qeyd etdik. Təbii ki, bu rayonla bağlı daha geniş yazılarımızı araşdırmalarımızdan sonra dərc edəcəyik.
Obyektlərlə yaşayış evləri arasında fərqlər qoyulur
"Azəriqaz"ın qrafikə uyğun paylanan qazın nəinki qəsəbələrdə, hətta bəzi küçələrdə belə fərqlər mövcuddur. Yəni bir küçədə qaz olduğu halda, digər küçələrdə qazın zəif olduğu müşahidə edilir. Bunun səbəbi də araşdırmalar zamanı müəyyən edir ki, qazın restoran və barlara verilməsi bəzi küçələri yaşayış massivlərinin qazsız qalmasına səbəb olub. Misal kimi Nəsimi rayonunda yerləşən 8-ci mikrayon ərazisindəki şadlıq evlərində, eləcə də, üçüncü mikrayon bazarı deyilən ərazidə yerləşən kafe və restoranlarda yüksək təzyiqli qaz olduğu halda, həmin ərazilərdə yerləşən binalarda və həyət evlərində qazın təzyiqi tamamilə aşağı səviyyədədir. Bu barədə Nəsimi Qİİ-nin rəisi ilə söhbət etməyə dəyməz. Çünki rəisə bunun səbəbi ilə bağlı sual edildikdə, o, "restoran və kafelər, şadlıq evləri daha çox ödəniş həyata keçirirlər. Ona görə də, həmin obyektlərə qazın verilişində problem ola bilməz" deyə bildirib. Araşdırmalar zamanı müəyyən olur ki, sözügedən obyektlərdə qaz sayğacları ümumiyyətlə yoxdur. Bu zaman sual yaranır: sərfiyyata görə, ödənişlər hansı qaydalarla aparılır? Digər sual isə ondan ibarətdir ki, "Azəriqaz"ın sərəncamına verilən qazın obyektlər tərəfindən mənimsənilməsində yaranan itkiləri necə və hansı formada həll olunur?
Ucdu getdi qazlar...
Səbail rayon Qİİ-dəki vəziyyət də Binəqədi və Nəsimi rayon Qİİ-lərindən "uğurlu fəaliyyəti"nə görə heç nə ilə fərqlənmir. Bayıl ərazisində yaşayan Çernobılda qəzanın aradan qaldırılmasında 5 il çalışmış Valeh Allahverdiyevin redaksiyamıza ünvanladığı şikəyət məktubunu oxuyanda, təəccüblənməmək mümkün deyil. Çünki yuxarıda adları qeyd olunan rayon Qİİ rəislərinin nəzarətində olan obyektlərin qaz təzyiqi yüksək olduğu halda, V.Allahverdiyevin qaz sayğacında göstəricilər qabağa qaçır. Dediyinə görə, qaz sayğacının göstəricisinə baxanda, gözləri kəlləsinə çıxıb. Görüb ki, sayğacdakı rəqəmlər bir neçə yüz kubmetr qabağa getsə də, ona hər ay bildiriş göndərirlər: "Bu idarənin başbilənləri abonentlərin sayğacların göstəricilərinə baxmamalarından sui-istifadə edib, abonentləri aldatmaqda davam edirlər. Sahə əməkdaşları sayğac göstəricilərini qabaqlamaqla iş yerlərini itirməməyə çalışırlar".
Həmin ərazidə yaşayan Valeh Məhərrəmov adlı şikayətçi isə bildirir ki, 2011-ci ilin yanvar, fevral və mart aylarında idarəyə olan borcunun ödənilməsi və bunun 20-ci qaz sahəsindəki qeyd kitabçasına qeyd olunmasını həyata keçirib. Amma sonradan Qİİ əməkdaşları hər ay üçün 17
manat artıq qaz borcu yazıblar: "Yerli qaz sahəsindəki qeydiyyat kitabçası Səbail rayon Qİİ-yə aparılaraq məhv edilmişdir, Bununla da 51 manat cərimə ödənilməsi barədə xəbərlarlıq edildik. Baxmayaraq ki, həmin ayların hər biri üçün sayğac göstəricisinə əsasən, 2 manat 50 qəpik məbləğində pul ödəmişik."
Qaz "cibgirləri"
Daha bir məsələni qeyd etmək istərdik ki, son vaxtlar Səbail Qİİ əməkdaşları sayğac göstəricilərinin müəyyən qismini pulla ifadə edərək, bildirişin qalıq borc hissəsinə yazırlar. Bu, abonentlərin sayıqlığını yoxlamaq məqsədilə edilir. Əgər abonent bir neçə ay bu "borca" diqqət yetirməsə, sonralar qaz "cibgirləri" həmin bildirişlərə həqiqi qaz borcları yazıb, abonentləri talan etməyə cəhd edəcəklər. V.Məhərrəmov adlı abonent cari ilin aprelində bildirişdə 9 manat 80 qəpik məbləğində qalıq borcu görüb, idarəyə gedib etirazını bildirib. Ona bunun həqiqi borc olduğunu izah edəndə, V.Məhərrəmov "nə səbəbə bizimlə sayğac göstəricisi ilə ifadə edilən "rəqəm dilində", yox, "qalıq borc" dilində danışırsınız" deyə soruşduqda, onlar bu qeydləri yerlərdəki qaz sahələrinin əməkdaşlarının apardıqlarını bildiriblər. Əslində, qaz sahələri əməkdaşları ancaq sayğacların son göstəricilərini götürüb, rayon qaz idarələrinə göndərirlər. V.Məhərrəmov bu cür qeydlərin edilməsinin əleyhinə çıxmasına baxmayaraq, iyun ayında yenə də rəqəmlə yox, qaz borcu məbləği ilə (3 manat 30 qəpik) ifadə edirlər bildiriş almışdır. Bu, yolverilməz haldır.
Göründüyü kimi, qazla bağlı problemlər var. Bu problemlər əksər hallarda süni şəkildə yaradılır. Səbəbləri qısa da olsa göstərə bildik. Daha geniş və ətraflı isə növbəti saylarımızda izləmək olar.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB