MDB-nin üzv dövlətlərinin humanitar sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun ötən il oktyabrın 15-dən 17-dək Aşqabadda keçirilmiş birgə iclasında qəbul edilən qərara əsasən, 2013-cü ildə Qəbələ MDB-nin mədəniyyət paytaxtı elan olunub.
Bununla əlaqədar iyunun 29-da Qəbələdə "MDB-nin mədəniyyət paytaxtları-2013" dövlətlərarası proqramının təntənəli açılış mərasimi olub.
Tədbir iştirakçıları əvvəlcə Qəbələ şəhərinin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra yeni istifadəyə verilmiş Qəbələ Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanışlıq olub.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri, MDB-nin üzv dövlətlərinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu qonaqları salamlayıb, mərasimdə 10-dan çox ölkənin nüfuzlu rəsmi nümayəndəsinin iştirak etdiyini deyib.
Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi münasibətilə təbriklərini çatdıran səfir Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondun yaranması və fəaliyyəti barədə məlumat verib. Bildirmişdir ki, Fond MDB məkanında humanitar əməkdaşlığın genişlənməsinə təkan verir. Coğrafi cəhətdən MDB ölkələri xalqlarının uzun illər boyu bir yerdə yaşadığı üçün mədəniyyətlərimiz arasında fəal dialoqun olduğunu qeyd edən Polad Bülbüloğlu, Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsindən danışıb.
Qəbələnin beynəlxalq əhəmiyyətli mədəni tədbirlərə ev sahibliyi etdiyini deyən diplomat, Azərbaycanın bu qədim şəhərinin beynəlxalq klassik musiqi mədəniyyəti mərkəzinə çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, bütün bu tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxt Bakı ilə yanaşı, Azərbaycanın regionlarının da sürətlə inkişaf etdiyini bir daha təsdiqləyir. Səfir Azərbaycan dövlətinin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ölkədə mədəniyyət və incəsənət sahələrinin inkişafına göstərdiyi diqqətdən danışıb.
Polad Bülbüloğlu Ümummilli lider Heydər Əliyevin MDB ölkələrinin xalqları arasındakı əməkdaşlığın inkişafında əvəzolunmaz rolunu da qeyd edib.
Tacikistanın mədəniyyət nazirinin birinci müavini Mirəli Dostiyev, Qırğız Respublikasının Prezidenti Aparatının eksperti Zayırbek Erqeşov, Moldovanın Mədəniyyət Nazirliyinin "Moldova-Konsert" Milli-Mədəni Mərkəzinin sədri Valentin Qoqa tədbirin yüksək səviyyədə təşkilatçılığına görə minnətdarlıqlarını bildiriblər. Azərbaycanda beynəlxalq mədəni tədbirlərin yüksək səviyyədə keçirildiyini deyən qonaqlar Bakının sürətlə inkişaf etdiyini və bu inkişafın onlarda məmnunluq hissi doğurduğunu, eyni zamanda Qəbələdə olduqları müddətdə vaxtlarının çox səmərəli və maraqlı keçdiyini vurğulayıblar.
Qəbələnin MDB-nin mədəniyyət paytaxtı seçilməsi münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edən Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç və Rusiyanın Mədəniyyət Nazirliyinin MDB ölkələri ilə iş bölməsinin rəhbəri Anton Nazarov Qəbələdə yüksək qonaqpərvərliklə qarşılaşdıqlarını məmnunluqla söyləyiblər. Onlar Azərbaycanda həyata keçirilən məqsədyönlü regional siyasətin çox uğurlu olduğunu deyiblər.
Sonra Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı sertifikatın təqdim edilməsi mərasimi olub.
Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Qəbələnin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı qərarın ötən il dekabrın 5-də qəbul edildiyini bildirib, bu şəhərin mədəniyyət paytaxtı seçilməsində əməyi olanlara minnətdarlıq edib. Vurğulayıb ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qəbələdə dünya əhəmiyyətli mədəni tədbirlər keçirilib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün Qəbələ öz qədim və tarixi görkəmini saxlamaqla müasirləşir.
Mərasimdə Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi sədrinin müavini Toktasın Buzubaev MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin təbrik məktubunu oxuyub.
Məktubda bildirilir ki, Qəbələyə bu adın verilməsi təsadüfi deyildir. Burada incəsənətin gözəlliyi ilə təbiətin gözəlliyi vəhdət təşkil edir. Toktasın Buzubaev burada keçirilən mədəni tədbirlərin nəinki MDB, eləcə də dünya mədəni irsinə töhfələr verdiyini deyib.
Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinskinin təbrik məktubunu isə bu ölkənin Mədəniyyət Nazirliyinin MDB ölkələri ilə iş bölməsinin rəhbəri Anton Nazarov oxuyub.
Məktubda bildirilir ki, Qəbələnin bu ada layiq görülməsi şəhərin zəngin mədəniyyəti və tarixi ilə bağlıdır.
Azərbaycanın Rusiyadakı səfiri, MDB-nin üzv dövlətlərinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu Qəbələnin MDB şəhərləri arasında mədəniyyət paytaxtı seçilməsi təqdirəlayiq hesab edib. Səfir bununla bağlı ilin sonunadək Qəbələdə müxtəlif mədəni tədbirlərin keçiriləcəyini qeyd edib.
Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı sertifikat rayon icra hakimiyyətinin başçısına təqdim olunub.
Mərasimin sonunda Qəbələ Mədəniyyət Mərkəzində MDB ölkələrindən olan yaradıcı kollektivlərin iştirakı ilə maraqlı konsert proqramı təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB