Məcburi köçkün gənclərin əl işlərindən ibarət sərgi təşkil olunub

Məcburi köçkün gənclərin əl işlərindən ibarət sərgi təşkil olunub

Bu gün Abşeron rəsm qalereyasında "Doğma Qarabağım" adlı gənclərin yaradıcılıq festivalı çərçivəsində məcburi köçkün gənclərin əl işlərindən ibarət sərgi təşkil olunub. SİA-nın məlumatına görə, sərgi çərçivəsində diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, yurd-yuvasından didərgin düşmüş gənclərin problemlərinin həlli istiqamətində bir çox layihələrə dəstək olub.

Belə layihələrdən biri də "Doğma Qarabağım" gənclərin yaradıcılıq festivalıdır. Bu layihə əsasən məcburi köçkün məktəblərində oxuyan yeniyetmə və gənclərin Qarabağla bağlı çəkdikləri rəsmlərin, hazırladıqları əl işlərinin, həmçinin istedadlı digər gənclərin ölkə ictimaiyyətinin diqqətinə çatdırılması işini həyata keçirəcəkdir.

Diqqətə çatdırılıb ki, festivalda Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər rayonlarından məcburi köçkün düşən gənclərin əl işləri və rəsm nümunələri nümayiş etdirilib. Rəsmilər əsasən Qarabağın təbiətinə, abidələrinə, qəhrəman insanlarına, mədəniyyət nümunələrinə həsr edilib. Bildirilib ki, Şuşanın, Ağdamın bu gün erməni vandalları tərəfindən dağıdılmış abidələri uşaqların və yeniyetmələrin təsəvvüründə yenidən canlandırılıb. Əl işlərində Qarabağın miniatür görüntüləri peşəkarlıqla yaradılıb, təbiəti əks olunub.

Layihənin əsas ideya müəllifi olanYeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisinin rəhbəri Sərraf Hüseynovun sözlərinə görə, layihənin əsas məqsədi öz doğma torpaqlarından didərgin düşmüş yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onlara öz yaradıcılıq imkanlarını genişləndirmək üçün dəstək göstərilməsi və bu gənclərin yaradıcılıq nümunəsi ilə Qarabağın tarixi Azərbaycan torpağı olmasını, Qarabağ münaqişəsində Azərbaycanın haqq səsini festival iştirakçılarının və digər ictimaiyyət nümayəndələrinin diqqətinə çatdırmaqdan ibarətdir: "Prezident İlham Əliyevin söylədiyi "Vətənpərvərlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Vətən sevgisi, Vətənə və xalqa olan bağlılıq-inkişafı bu amillər stimullaşdırır. Ona görə, gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə olunmalıdırlar" sözləri layihəmizin əsas qayəsini və sütununu təşkil edir. "Doğma Qarabağım" gənclərin yaradıcılıq festivalı layihəsi erməni qəsbkarları tərəfindən 20 ildən artıqdır ki, öz doğma yurd-yuvasından didərgin salınan istedadlı gənclərin yaradıcılığını nümayiş etdirmək, onların doğma yurdlarına olan sevgisini və o torpaqlara dönmək istəyini ictimaiyyətə, xüsusən ölkəmizdə fəaliyyətdə olan beynəlxalq təşkilat nümayəndələrinə, səfirliklərin əməkdaşlarına təqdim etmək niyyətindədir".

Qeyd edək ki, ümumilikdə, festivalda 60-dən yuxarı gənclərin əl işləri nümayiş olunub. Festivalda həmçinin Kəlbəcər rayonundan olan gənc aşıqlar da öz bacarıqlarını nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə