ETSN: "Yayılan məlumat heç bir əsasa söykənmir və təxribat xarakteri daşıyır"
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) iyunun 12-də nazir Hüseynqulu Bağırovun Ağcabədi rayonunda vətəndaşlarla keçirdiyi görüşlə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumata açıqlama verib.
SİA-ya verilən məlumatda bildirilir ki, yayılan məlumat heç bir əsasa söykənmir və təxribat xarakteri daşıyır. Çünki 13 gün əvvəl keçirilmiş qəbul barədə indi yalanların qərəzli şəkildə uydurulması yalnız bu cür qiymətləndirilməlidir.
Qeyd edilir ki, həmin qəbulda istər iqtidar, istərsə də müxalifət yönümlü KİV nümayəndələri iştirak ediblər. Əgər görüş zamanı qəbula gələnləri qane etməyən hansısa hadisə baş versəydi, qəbul prosesini izləyən jurnalistlər mütləq elə həmin vaxt bu barədə xəbər yayardı. Əvvəlcədən qeydiyyatdan keçən 50 nəfərdən əlavə, ekologiya və təbii sərvətlər naziri görüşə yazılmayan daha 11 şəxsi qəbul edib ki, onların da əksəriyyətinin müraciəti mülkiyyət hüquqları ilə bağlı olub. ETSN-ə heç bir aidiyyəti olmasa da, həmin şəxslərin də müraciətləri dinlənilmiş, rayon icra hakimiyyətinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli strukturunun nümayəndələri görüşə dəvət olunaraq bəzi şikayətlər yerində həll edilmiş, digərlərinin isə ərizələri alınaraq aidiyyəti təşkilatlara göndərilməsi təmin olunub. Eyni zamanda, qəbul zamanı müxalifət partiyalarından birinin üzvü Abbasov İsa Misir oğlunun da ETSN-ə aidiyyəti olmayan şəxsi xarakterli şikayəti diqqətlə dinlənilmiş və lazımi kömək göstərilməsi üçün müvafiq qurumlara müraciət olunub.
Bildirilir ki, görüş zamanı qəbul otağında və gözləmə zalında heç bir hadisə baş verməyib, qeydiyyatdan keçən və keçməyən bütün vətəndaşların müraciətlərinə qanunamüvafiq qaydada baxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB