Qusar rayon rəhbərliyi səyyar qəbullar keçirir

Qusar rayon rəhbərliyi səyyar qəbullar keçirir

Qusar rayonunda rayon rəhbərliyi ilə kəndlərdə səyyar qəbullar keçirilir. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, rayon İcra Hakimiyyəti başçısının iştirak etdiyi görüşlərdə kəndlərin hazırkı problemləri və bu sahədə görüləcək işlər müzakirə edilib.

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov bildirib ki, rayonun bütün kəndlərinin sosial-iqtisadi inkişafının dinamik şəkil alması üçün mühüm tədbirlər görülür. Tədbirlər planı çərçivəsində rayon mərkəzindən Hil kəndinin mövcud problemlərinin aradan qaldırılması nəzərdə tutulub. Belə bir görüşün keçirilməsində əsas məqsəd mövcud problemləri öyrənmək və onların aradan qaldırılması üçün lazımi addımlar atmaqdır. Çıxış edən kənd sakinləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatların hər yerdə, o cümlədən Qusarda da uğurla davam etdirilməsini xüsusi vurğulayıblar. Qeyd edilib ki, Hil kəndində öz həllini gözləyən problemlər mövcuddur. Kəndin əsas problemlərindən biri içməli su ilə bağlı olan çətinliklərdir.

İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, icra hakimiyyəti hökumət qarşısında bu məsələnin gələn ilin proqramına salınmasını xahiş edib. Qeyd edilib ki, hazırda 8 kəndə su xəttinin çəkilməsi məqsədilə işlər aparılır. Dövlət başçısının diqqəti nəticəsində su problemindən əziyyət çəkən kəndlərdə də bu proses sürətləndiriləcək. Kəndin köhnəlmiş elektrik dirəklərinin dəyişdirilməsi ilə bağlı müraciətlər də oldu. Müvafiq dövlət strukturlarına bununla bağlı tapşırıq və göstərişlər verilib. Vurğulanıb ki, kənddə bir sıra infrastruktur layihələrinin icrası vacib və qarşıda duram vəzifələrdən biridir. Onlardan biri də kənddə mədəniyyət evinin tikilməsi ilə bağlıdır. Kənd bələdiyyəsinə və yerli icra nümayəndəsinə mühüm tapşırıqlar verilib. Görüşdə, eləcə də Hil kənd tam orta məktəbinin əsaslı təmirə ehtiyacı olduğu vurğulanıb. Sadalanan problemlər sırasında kənddaxili yolların bərpası ön plana çəkilib. Vurğulanıb ki, aidiyyəti orqanlar tərəfindən qeyd edilən bütün problemlərin aradan qaldırılması üçün sistemli və əhatəli tədbirlər həyata keçiriləcək.

Yığıncaqda həmçinin rayon sakinlərinin müraciətləri dinlənilib, müxtəlif təkliflər səsləndirilib.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə