Azərbaycanda aparılan uğurlu məhkəmə-hüquq islahatlarına dəstək vermək üçün Dünya Bankının təşəbbüsü ilə "Ədliyyə sisteminin müasirləşdirilməsi" adlı birgə layihə həyata keçirilir. Həmin layihə Dünya Bankı tərəfindən ən uğurlu layihələrindən hesab olunmaqla "Azərbaycan Respublikası vətəndaşlarına yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması" nominasiyasında qalib gəlib. Azərbaycanın nailiyyətlərinin dünyada geniş təbliğinə böyük əhəmiyyət verən Dünya Bankı bu məqsədlə və həmçinin, əməkdaşlığın genişləndirilməsi məsələsinin müzakirəsi üçün ölkəmizin ədliyyə nazirini, Məhkəmə-Hüquq Şurasının sədrini Fikrət Məmmədovu nümayəndə heyəti ilə Bankın Vaşinqtonda (ABŞ) yerləşən baş qərargahına səfərə dəvət edib. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Görüşlərdə nazir F.Məmmədov məhkəmə və ədliyyə sistemində aparılan islahatlar barədə ətraflı məlumat vermiş, xüsusilə infrastrukturun müasirləşdirilməsi, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi üzrə görülən işləri qeyd edib. Həmçinin, penitensiar sistemdə və digər sahələrdə Azərbaycanın artıq dünyada geniş yayılan nümunəvi təcrübəsi barədə danışılıb.
Nazir korrupsiyaya qarşı qəti mübarizə tədbirlərinə toxunaraq ölkə başçısının tapşırığı ilə müasir İKT-lərin hərtərəfli tətbiqini, yeni şəffaf, innovativ və elektron xidmətlərin yaradıldığını diqqətə çatdırmış, Azərbaycanın yeni brendi sayılan "ASAN" xidmətin mütərəqqi fəaliyyətini vurğulayib. Həmçinin, həmsöhbətlərin diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20%-nin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunub.
Dünya Bankının təmsilçiləri Azərbaycan həqiqətlərindən məlumatlı olduqlarını, məhkəmə-hüquq islahatlarının qısa müddətdə mükəmməl, əhatəli və kompleks şəkildə aparılmasından və yüksək nəticələrə nail olunmasından heyran qaldıqlarını söyləmiş, bu münasibətlə Azərbaycan tərəfini təbrik edərək ölkəmizin müsbət təcrübəsinin digər dövlətlərə unikal nümunə olduğunu qeyd etmiş, respublikamızın bu sahədə nailiyyətlərinin dünyada daha geniş təbliğ olunmasının əhəmiyyətini vurğulayıblar. Dünya Bankının rəsmiləri Azərbaycanın uğurlarını xüsusi qeyd etmiş, islahatların müsbət nəticələrinin ölkəmizin dünyada imicinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamış, bu cür təqdimatların digər ölkələr üçün edilməsinin vacibliyini qeyd ediblər.
Səfər nəticəsində Dünya Bankı tərəfindən əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı niyyət ifadə edilmiş, yeni, daha əhatəli layihənin bağlanılmasına dair razılıq əldə olunaraq bu məqsədlə Bankın missiyasının ölkəmizə səfəri razılaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB