“Antikorrsupsiya tərbirləri gücləndirilib” MONİTORİNQ

ABUC qəzetlərin monitorinqini aparıb
“Antikorrsupsiya tərbirləri gücləndirilib” MONİTORİNQ

İyunun 27-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət İctimai Birliyi "Hərbi and" qəzetinin konfrans zalında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının və medianın birgə mübarizəsinin təşkili" layihəsi çərçivəsində KİV-də korrupsiya mövzusunda çıxmış materialların monitorinqinin yekununa həsr olunmuş dəyirmi masa keçirib.

SİA-nın verdiyi məlumata görə, layihənin rəhbəri Elman Cəfərli layhiə çərçivəsində keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edib ki, bu günə qədər layihə çərçivəsində 3 dəyirmi masa keçirilib, tədbirlərdə korrupsiyanın yaranma səbəbləri ilə bağlı məlumatlar verilib, layihənin icrasına cəlb edilmiş KİV-lərdə korrupsiya ilə bağlı maarifləndirmə xarakterli materiallar yerləşdirilib. Layihə rəhbəri deyib ki, layihənin icra müddətində gündəlik və həftəlik nəşr olunan 10 qəzetin - "Olaylar", "Türküstan", "Bakı Xəbər", "Yeni Müsavat", "Bizim yol", "Gündəm", "Gündlik Bakı", "İki sahil", "Kaspi" və "Azərbaycan" qəzetlərinin monitorinqi aparılıb. Məlum olub ki, monitorinq müddətində sözügedən qəzetlərdə korrupsiya mövzusunda 69 yazı və xəbər dərc olunub. Bunların 30-u korrpusiyanı yaradan səbəblər və korrupsiyaya qarşı mübarizə təkliflərini özündə ehtiva edən ekspert rəyləridir. 39 yazı isə informasiya xarakterlidir.

Son aylarda KİV-in korrupsiya mövzusuna xüsusi diqqət ayırdığını bildirən layihə rəhbəri deyib ki, bu, antikorrupsiya tədbirlərinin gücləndirilməsi ilə bağlıdır. Korrupsiya ilə mübarizədə iki nümunənin populyar olduğunu, şərti olaraq Qərb-demokratik və Şərq-avtoritar metodlarının mövcud olduğunu deyən HDİM sədri İ.Əliyev Azərbaycanda demokratik metodlara üstünlük verildiyini bildirib: "Korrupsiyaya qarşı mübarizədə Qərb ölkələrinin təcrübəsi daha demokratikdir. Bu yol demokratik mübarizə metodlarını: ictimai qınaq, maarifləndirmə və s. metodları özündə ehtiva edir. Şəqrdə korrupsiyaya qarşı sərt inzibati metodlardan istifadə olunur. Şimali Koreyada, Çində korrupsiya ilə məşğul olanlar barədə ölüm hökmü də çıxarılır. Sərt inzibati yollar korrupsiyanın kökünü kəssə də, müvəqqəti xarakter daşıyır. Daha yaxşı olar ki, cəmiyyət maariflənsin, korrupsiyanın cəmiyyət üçün ümumi bir bəla olduğunu dərk etsin".

Layihənin eksperti Alim Hüseynli son illərdə korrupsiya daha çox müşahidə olunan sahələrdən bəhs edib. Onun fikrincə, son illər daha çox maliyyə-kredit fırıldaqlarının və iqtisadi xarakterli sair cinayətlərin çoxalması müşahidə olunur: "Cəmiyyətdə rüşvətxorluq və korrupsiya kimi cinayətlərin geniş yayılması xüsusi narahatlıq doğurur və bir sıra vətəndaşlar, o cümlədən vəzifəli şəxslər bu faktları adi bir hal hesab edirlər. Bununla paralel bir çox hallarda cinayətlərin üstünün açılması üçün zəruri hərəkətləri hüquq mühafizə orqanlarının lazımi çevikliklə, qanunla müəyyən edilmiş formalarda və vaxtında yerinə yetirməməsi, qanunun nəzərdə tutduğu məcburiyyət tədbirlərinin tətbiqində səhvlərə yol verilməsi, öz səlahiyyətlərindən təsirli istifadə etməməsi əhalinin haqlı narazılığına səbəb olub".

A.Hüseynli deyib ki, belə halları nəzərə alaraq dövlət başçısı cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında fərman imzalayıb. Sənəddə konkret olaraq Ədliyyə Nazirliyinə tapşırılıb ki, korrupsiyaya, yalançı sahibkarlığa, qəsdən iflasa, qanunsuz kredit verməyə, kreditlərdən təyinatı üzrə istifadə etməməyə, valyuta vəsaitlərini xaricdən vaxtında və tam gətirməməyə, mühasibat uçotu qaydalarını qəsdən pozmağa, əmlakı zorakılıqla almağa (reketə) və başqa ictimai təhlükəli əməllərə görə cinayət məsuliyyətinin müəyyən olunması; vergi ödənilməsindən boyun qaçırmağa və ya yayınmağa görə cinayət məsuliyyətinin gücləndirilməsi, cinayət və cinayət-prosessual qanunvericiliyinin təkmilləşdirilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin: "Göründüyü kimi fərmanda korrupsiya və rüşvətxorluq hallarına şərait yaradın imkanların məhdudlaşdırılması istiqamətində ciddi tədbirlərin görülməsi nəzərdə tutulur. Çünki korrupsiya hallarının köklü şəkildə aradan qaldırılması üçün onu yaradan şəraitin qarşısının alınması vacib şərtlərdəndir".

Bütün xəbərlər Facebook səhifəmizdə