Bu gün Bakıda "Azərbaycan Şərqşünaslıq elminin inkişaf yolları" mövzusunda görkəmli şərqşünas alim Vasim Məmmədəliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir. SİA-nın xəbərinə görə, iki gün davam edəcək konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibəyli yubilyarın həyat və fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, görkəmli akademik Azərbaycanda həm islam dinin təbliğində, həm də dilçilik elminin inkişafında böyük rol oynayıb: "Universal dünya görüşünə malik olan Vasim Məmmədəliyev Azərbaycan cəmiyyətində İslam dininin müqəddəs kitabı sayılan Qurani-Kərimi ana dilimizə tərcümə edib, kitabda yer alan bir sıra ayələri izahlı şəkildə dərc etdirib. Ümumilikdə Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə dini dəyərlərin formalaşmasında, unudulan adət ənənələrin yenidən gündəmimizə daxil olmasında yubilyarın səyləri danılmazdır. Akademik həmçinin Azərbaycan elminin inkişaf istiqamətlərinin araşdırılması və elmin klassik irsinin tədqiq edilməsi sahəsində çalışıb".
AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxışəliyeva akademik Vasim Məmmədəliyevin yaradıcılığı barəsində geniş məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda Şərq və İslam mədəniyyətinin, həmçinin Azərbaycanın muğam sənətinin Şərq ölkələrində tanınmasında yubilyarın böyük rolu olub.
Daha sonra konfrans digər iştirakçıların çıxışları ilə davam edib.
Qeyd edək ki, konfransda Türkiyə, Rusiya və İrandan təşrif buyuran nümayəndələr iştirak edir. İki gün ərzində 300-dən çox insanın iştirak etdiyi konfransda 25 nümayəndənin məruzəsinin dinlənilməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB