Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü münasibətilə İslamabadda təntənəli mərasim keçirilib. Tədbirdə Pakistan Hərbi Hava Qüvvələri Komandanının müavini, aviasiya marşalı Athar Buxari ali qonaq qismində iştirak edib.
Mərasimdə Pakistan Senatının xarici əlaqələr komitəsinin sədri Hacı Adil, Pakistan Silahlı Qüvvələrinin ali və yüksək rütbəli zabitləri, səfirlər, hərbi attaşelər, dövlət və hökumət rəsmiləri, tanınmış ziyalılar, jurnalistlər və Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.
Tədbirin keçirildiyi salon Azərbaycan və Pakistan bayraqları, ümummilli lider Heydər Əliyev və Pakistan dövlətinin banisi Məhəmməd Əli Cinnahin portretləri ilə, habelə ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin ordu quruculuğu sahəsindəki fəaliyyətini, Silahlı Qüvvələrimizin döyüş hazırlığını və maddi-texniki bazasını əks etdirən fotolarla bəzədilib.
Azərbaycanın Pakistandakı hərbi attaşesi Mehman Novruzov mərasimdə çıxış edərək Silahlı Qüvvələrimizin yaranma tarixindən və inkişaf yolundan danışıb. Bildirilib ki, müasir silahlarla təchiz edilən Silahlı Qüvvələrimiz hazırda Cənubi Qafqazın ən güclü ordusudur. Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə hər zaman hazırdır.
Azərbaycan-Pakistan münasibətlərindən danışan M.Novruzov deyib ki, ölkələrimizin silahlı qüvvələri arasında əməkdaşlıq ildən-ilə inkişaf edir.
Qeyd edək ki, mərasim keçirilən salonun girişində Silahlı Qüvvələrimizin inkişafını əks etdirən video kadrlardan ibarət DVD-lər və jurnallar sərgilənib, iki böyük ekranda Silahlı Qüvvələrimizin hazırki döyüş qabiliyyətini, maddi-texniki bazasını göstərən videoçarx təqdim olunub, milli hərbi marşlar səsləndirilib.
Bundan başqa, ingilis dilində nəşr olunmuş "Azərbaycan Silahlı Qüvvələri" və "Azərbaycan Sülhməramlı Qüvvələri" adlı jurnallar və Azərbaycan Silahlı Qüvvələrinin hərbi təlimlərini və hərbi paradı özündə əks etdirən video materiallar (DVD) tədbir iştirakçılarına paylanılıb.
Sonda qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB