Prezident: "Ancaq güclü ordumuz mövqeyimizi möhkəmləndirir"

"Bizim mövqeyimiz tarixi ədalət üzərində qurulubdur"
Prezident: "Ancaq güclü ordumuz mövqeyimizi möhkəmləndirir"

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib. SİA-nın verdiyi məlumata görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi paradda olub və geniş nitq söyləyib. Ali Baş komandan bildirib ki, bugünkü paradda Azərbaycan dövləti öz hərbi qüdrətini nümayiş etdirəcək: "Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu, hər bir ölkə üçün belə olmalıdır. Çünki hər bir ölkə özünü müdafiə etməlidir. Xüsusilə müharibə şəraitində yaşayan ölkələr üçün bu, çox böyük əhəmiyyətə malik olan məsələdir".


Azərbaycanın müharibə şəraitində yaşadığını bildirən Prezident əlavə edib ki, müharibə hələ bitməyib: "Müharibənin birinci mərhələsi başa çatmışdır. Bizim ordumuz hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü istənilən yolla bərpa etsin. Uzun illərdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini tapmır. Uzun illərdir ki, bu ədalətsizlik davam edir. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış torpaqları işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Xalqımıza qarşı Xocalı soyqırımı törədilmişdir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə edir. Bütün mötəbər beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı qərar və qətnamələrini qəbul etmişlər. Ancaq Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və işğal davam edir. Əfsuslar olsun ki, danışıqlar nəticə vermir. Belə olan halda əlbəttə ki, ordu quruculuğuna böyük ehtiyac vardır".
Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşamış, yaratmışdır: "Bu gün də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, dünya birliyi ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bugünkü Ermənistan da tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalları bizim tarixi diyarlarımızdır. Azərbaycan dövləti və xalqı Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəkdir. Biz çalışacağıq ki, məsələ tezliklə həllini tapsın. Məsələnin həlli əlbəttə ki, siyasi yollardan keçir. Danışıqlar prosesi hələ də davam edir. Ancaq güclü ordumuz, güclü potensialımız mövqeyimizi möhkəmləndirir. Bizim mövqeyimiz tarixi ədalət üzərində qurulubdur. Çünki bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Azərbaycan torpağı kimi qalacaqdır. Bizim mövqeyimiz beynəlxalq hüquq normaları tərəfindən dəstəklənir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki, erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir".
Bizim mövqeyimiz güclü ordu ilə tamamlanır, deyən Ali Baş Komandan qeyd edib ki, bu məqsədlə son illər ərzində ordu quruculuğuna çox böyük diqqət göstərili: "Ordumuz inkişaf edir. Bu inkişaf daimi prosesdir. Mən hərbi hissələrə tez-tez gedirəm, vəziyyətlə tanış oluram və görürəm ki, ordumuzun döyüş qabiliyyəti artır. Nizami ordumuz vardır. Ordumuzun peşəkarlığı artır. Bütün cəmiyyətdə olduğu kimi, orduda da vətənpərvərlik ruhu yüksək səviyyədədir. Orduda xidmət edənlərin mütləq əksəriyyəti gənclərdir. Mən çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərlik ruhunda tərbiyə alırlar. Orduda xidmət edənlər Vətəninə, xalqına bağlı olan, Vətənini sevən insanlardır. Bu amillər ordumuzu daha da gücləndirir. Eyni zamanda, son illər ərzində ordumuzun texniki təchizatında da çox böyük inkişaf vardır. Son illər ərzində ən müasir texnika, silah-sursat alınmışdır. Son illər ərzində alınan və Azərbaycanda istehsal olunan texnikanın bir hissəsi bugünkü paradda nümayiş etdiriləcəkdir. Burada mövcud texnikanın sadəcə olaraq cüzi bir hissəsi göstəriləcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə