Pəlikəş inzibati ərazi dairəsinə daxil olan kəndlər Astara rayonun ən ucqar qərb ərazisi olmaqla çətin dağlıq relyefi ilə xarakterizə olunur. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, nümayəndəliyin 12 kəndində 1165 təsərrüfatda 6437 nəfər əhali yaşayır. 1 bələdiyyəsi, 4 tam orta, 3 ibtidai məktəbi, 1 kənd sahə xəstəxanası, 2 mədəniyyət evi, 7 klubu, 8 kitabxanası, 2 tibb məntəqəsi və 1 poçtu olan nümayəndəliyin ərazisindən rayon mərkəzinə məsafə 25-40 km-dir və qərb qurtaracaqda İranla həmsərhəddir. Səfalı təbiəti, nadir meşələri, saf havası, mineral bulaqları və sərin suları ilə diqqəti çəkən Talış dağlarına sığınmış bu yaşayış məntəqələrinin ərazisi turizmin inkişafı üçün də əlverişlidir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik, arıçılıqdır.
Iyunun 25-də Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev buraya gələrkən əvvəlcə yolunu Kijəbə qəsəbə İƏD-nə daxil olan Ovala kəndinə salaraq əhali ilə görüşüb, onların arzu və təkliflərini dinləmiş, problemləri ilə tanış olub. Ovala kəndi dağlıq ərazidə yerləşməklə, 1 ümumi orta məktəb, 1 klub, 1 kitabxana və 1 tibb məntəqəsi vardır. Əhalisi 361 nəfərdir.
Ovala kənd ümumi orta məktəbin direktoru Etibar Baxşıyev, kənd sakinləri Süleyman Tağıyev, Rafiq Mərufov, İlyas Rəhmətov çıxış edərək rayon İcra Hakimiyyəti başçısının rayonun hüquq mühafizə orqanları və əsas idarə, müəssisə rəhbərləri ilə birlikdə əhalinin görüşünə gəlməyini alqışlayaraq minnətdarlıq ediblər. Əhalini yerində dinləmək, problemləri ilə maraqlanaraq həlli üçün tapşırıqlar verməyi ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin tərkib hissəsi kimi qiymətləndirən yerli sakinlər bundan razı qaldıqlarını və ölkə rəhbərinə minnətdarlıqlarını dönə-dönə vurğulayaraq qarşıdan gələn prezident seçkilərində yalnız və yalnız İlham Əliyevə səs verəcəklərini söyləyiblər.
Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev səfalı təbiətin qoynunda əhali ilə görüşdən məmnun olduğunu bildirərək, qeyd edib ki, Ovala kəndi rayonumuzun ən mənzərəli dağ kəndlərindən biridir. Son illərdə kənd yollarında xeyli xeyli iş görülüb, ilin bütün fəsillərində avtomobillərin hərəkəti üçün yararlı hala salınıb. Bunun davamlı olmasına biz də imkan daxilində köməklik göstərəcəyik. İcra başçısı əlavə edib ki, sizin də istifadə etdiyiniz əsas mərkəzi yol olan Ojakəran-Pəlikəş yolunun böyük hissəsində əsaslı təmir işləri aparılıb, bu iş indi də davam edir.
Bu cür çətin relyef şəraitinə malik olan dağ kəndində müasir tipli məktəb binasının tikilərək istifadəyə verilməsi ölkəmizin gündən-günə artan böyük iqtisadi gücündən xəbər verir.
İcra başçısı Q.Ağayev burada əhali ilə görüşünü yekunlaşdıraraq 12 km aralıda yerləşən Pəlikəş kəndinə yollanıb. Pəlikəş kəndində də eyni səmimiyyətlə qarşılanan İcra başçısı Q.Ağayev əhalini salamlayaraq onları narahat edən məsələlər barədə fikirlərini söyləməyi xahiş edib. Başçının ənənəvi olaraq yerlərdə əhali ilə görüşünü yüksək qiymətləndirən Sım kənd sakinləri Nəbi Xalıqov, Zahirəddin Məmmədov, Xaqani Xalıqov, Əsəd Eynəliyev, Mais Məmmədov və başqaları dağ kəndininin sakinlərinə xüsusi diqqət və qayğıya görə İcra başçısına minnətdarlıq ediblər. Xüsusilə Ojakəran-Pəlikəş dağ yolunun əsaslı təmirini yüksək qiymətləndirən sakinlər, əhalinin rifah halının yaxşılaşdırılmasından ötrü həyata keçirilən tədbirlərdən razılıqlarını bildirib, ölkə prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını ifadə ediblər.
İcra başçısı Q.Ağayev Pəlikəş və Sım kəndlərində əhali ilə görüşündən keçən bir il müddətində ərazidə xeyli dəyişikliklərin olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ötən müddət ərzində nümayəndəliyin Şəvqo, Doli kəndlərinə ilk dəfə olaraq avtomoibil yolu çəkilib, eyni zamanda heç vaxt işıq olmayan bu kəndlərə elektrik xətti çəkilərək əhaliyə enerjinin verilməsi təmin olunub. Pəlikəş kəndinin əsas mərkəzi yolunda təmir-bərpa işləri aparılaraq yola kanallar çəkilib, bir neçə yerdə suötürücü borular qoyulub, çınqıl döşənərək hamarlanıb. Ərazinin əsas problemi olan yol məsələsi həllini tapmaq üzrədir. Lakin, bu ərazilər dağlıq olduğu üçün çətinlikləri də çoxdur. Əlbəttə, gələcəkdə bu yollarda daha yüksək səviyyədə təmir işləri aparılacaqdır.
Bütün sahələrdə qazanılan uğurlar, əsasən ölkəyə gələn gəlirlərin əhalinin sosial problemlərin həllinə yönəldilməsi, möhtərəm Prezidentimizin öz ölkəsinin sakinlərinə yüksək diqqət və qayğısı kimi dəyərləndirən Q.Ağayev əlavə edib ki, digər sadalanan məsələlər də diqqətimizdədir. Elektrik təsərrüfatının bütün respublikada yenidən qurulması üçün dövlət səviyyəsində iş aparılır. Bu kəndlərdə daha yeni-yeni sosial obyektlər, xəstəxana binaları, mədəniyyət müəssisələri də inşa ediləcəkdir. Əsas məsələ bizim birliyimizdir. İnanıram ki, həmişə olduğu kimi bundan sonra da möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək müstəqil dövlətimizin inkişafı naminə apardığı böyük işlərdə ən yaxın köməkçiləri olacağıq.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB