Azərbaycan Respublikasının Silahlı Qüvvələr gününün 95 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının, Şuşa rayon İcra Hakimiyyətinin əməkdaşları, Şuşa rayon nümayəndəliklərinin rəhbərləri və bir sıra nazirliklərin nümayəndələri Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəyə səfər ediblər və orada olan gənc əsgərlərlə görüş keçiriblər.
SİA-ya verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək gənc əsgərləri və zabit heyətini bayram münasibəti ilə təbrik edib. Onlara vətənimiz Azərbaycanın sərhədlərinin qorunmasında göstərdikləri əzm və şücaətə görə təşəkkür edib. İcma rəhbəri bildirib ki, hər bir əsgər və zabit əzəli və əbədi torpağımız olan Qarabağı düşmən tapdağından azad etmək üçün hər an Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin əmrinə hazır olmalıdır.
Daha sonra görüşdə Şuşa rayon İcra Hakimiyyətinin başçısının müavini Mirzə Bayramov və Vüsalə Fətəliyeva və digər qonaqlar çıxış edərək əsgər və zabit heyətini təbrik ediblər. Sonda gənc əsgərlərə Şuşa rayon Musiqi mədəniyyət evinin musiqi kollektivinin iştirakı ilə konsert proqramı təşkil olunub və onlara hədiyyələr paylanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB