Naxçıvanın Bakıdakı nümayəndəliyi İbrahim İbrahimlini ifşa etdi

Naxçıvanın Bakıdakı nümayəndəliyi İbrahim İbrahimlini ifşa etdi

"Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi radikal müxalifətin nəzarətində olan və Naxçıvan Muxtar Respublikası haqqında qara piar kampaniyası aparmağa vərdiş etmiş mətbuat vasitələrində bir çox qondarma qurumların üzvü kimi təqdim edilən İbrahim İbrahimlinin guya Naxçıvan Muxtar Respublikasına qardaşı oğlunun yas mərasiminə buraxılmaması kimi təqdim olunan məlumatların tam əsassız və uydurma olduğunu bildirir".

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyindən SİA-ya verilən məlumata görə, qeyd olunan əsassız iddialarla əlaqədar ölkə ictimaiyyətinin diqqətinə çatdırılır ki, İbrahim İbrahimlinin qardaşı oğlu 1987-ci il təvəllüdlü İbrahimov Orxan Məhəmmədəli oğlu heç də qəfil ürək tutmasından vəfat etməyib, 17 iyun 2013-cü il tarixdə Naxçıvan şəhərində yaşadığı mənzilin hamamında özünü asaraq intihar edib. İstintaq prosesi zamanı müəyyən edilib ki, O.İbrahimov ailə münaqişəsi zəmnində, həyat yoldaşının nalayiq hərəkətləri səbəbindən intihar edib. Ölümün səbəbi tibbi ekspertizanın rəyi ilə təsdiq olunub.

O da məlum olub ki, O.İbrahimovun atası İbrahimov Məhəmmədəli Hilal oğlu uzun müddətdir ki, ailəsini ataraq Rusiya Federasiyasına gedib, orada törətdiyi quldurluq, soyğunçuluq və narkotik maddələrin qanunsuz dövriyyəsi əməllərinə görə iki dəfə məhkumluq həyatı yaşayıb, birinci dəfə törətdiyi ağır cinayət əməlinə görə 10 ilə yaxın azadlıqdan məhrum olunub. Həbsdən azad edildikdən sonra Rusiyada törətdiyi növbəti cinayət əməli ilə əlaqədar M.İbrahimov hazırda həbsdədir.

İbrahim İbrahimlinin digər qardaşı, Türkiyə Respublikasında məskunlaşmış Qurban İbrahimov da qardaşı oğlunun yas mərasiminə gəlməyib.

O.İbrahimovun yas mərasimində İbrahim İbrahimli ilə yanaşı atası və digər əmisinin iştirak etməməsini həmin şəxslərin siyasi əqidə və fəaliyyətləri ilə əlaqələndirmək gülüncdür. O.İbrahimovun intihari ilə əlaqədar onun Naxçıvanda yaşayan qohumları belə onun yas mərasimində doğru-dürüst iştirak etməyib, utanc hissi keçirdiklərini cəmiyyətdən gizlətməyiblər. İ.İbrahimli də qardaşı oğlunun intihar səbəbləri üzündən yas mərasiminə gəlməkdən utanıb, çıxış yolunu "siyası fəaliyyəti" ilə ört-basdır etməkdə görüb.

Qardaşı oğlunun dəfnindən bir həftə keçdikdən və yas mərasimi günlər öncə başa çatdıqdan sonra İbrahim İbrahimlinin Naxçıvan Muxtar Respublikasına qarşı əsassız ittihamlar səsləndirməsi çirkin şoudan başqa bir şey deyil.

İ.İbrahimlinin guya Bakıdan qardaşı oğlunun yas mərasiminə gedən zaman onun hava limanında Naxçıvana buraxılmaması tam əsassız iddiadır.

Müxalifətin informasiya resurslarında İbrahim İbrahimlinin səsləndirdiyi ittihamların əslini öyrənmədən bu qondarma xəbərlərə siyasi və maddi maraqlar naminə dəstək verənlərin etika və mədəniyyətdən uzaq mövqeyləri utandırıcıdır.

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi bir daha bəyan edir ki, radikal müxalifətin kütləvi informasiya vasitələrində həqiqətdən uzaq və əsli olmayan məlumatlarla Naxçıvan Muxtar Respublikasına qarşı apardığı böhtançı təbliğat Muxtar Respublika ictimaiyyəti tərəfindən nifrətlə qarşılanır.

Bütün xəbərlər Facebook səhifəmizdə