Su və kanalizasiya sistemləri yenidən qurulur

Su və kanalizasiya sistemləri yenidən qurulur

Beyləqanda su və kanalizasiya sistemləri yenidən qurulur. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə reallaşdırılır. Layihə çərçivəsində rayon mərkəzinin su və kanalizasiya şəbəkəsi tamamilə yenidən qurulacaq, şəhərin yaxınlığındakı Şəfəq və Əlinəzərli kəndlərinə içməli su veriləcək.

Bu layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhəri və ətraf iki kəndin 25 mindən artıq sakininin su təchizatının yaxşılaşdırılmasına hesablanıb. İki mərhələdən ibarət layihənin birinci mərhələsinə uyğun olaraq istehlakçıların dayanıqlı və keyfiyyətli su təchizatını yaxşılaşdırmaq üçün beş subartezian quyusu qazılacaq. Bununla yanaşı, 500 kubmetr tutumu olan iki su anbarı, nasosxana, xlorlama binası, laboratoriya tikiləcək, eyni zamanda 10 kilometr uzunluğunda quyulararası birləşdirici və magistral su xətti çəkiləcək.

Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində şəhər daxilində 77,6 kilometr su, 71 kilometr kanalizasiya şəbəkəsinin yaradılması, 3,4 min "Smart" kart tipli sayğacın quraşdırılması da nəzərdə tutulur.

Hazırda isə istismarda olan iki su anbarı və nasosxana təmir olunur.

Qeyd edək ki, şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasının 18 aya başa çatdırılması nəzərdə tutulub.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə