Dünya əhalisinin 230 milyonu narkotiklə məşğuldur

Dünya əhalisinin 230 milyonu narkotiklə məşğuldur

Bu gün Bakıda "Narkotiklərin sui-istifadəsi və qanunsuz dövriyyəsi əleyhinə Beynəlxalq Gün" münasibətilə konfrans keçirilib. SİA-nın məlumatına görə, "Narkomanlıqla mübarizədə gənclərin rolu" mövzusunda keçirilən konfransda Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin üzvü Əli Hüseynli, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk və digərləri iştirak edib.

Konfransda çıxış edən Milli Ofisin rəhbəri Məzahir Əfəndiyev bildirib ki, Azərbaycanda narkotiklə mübarizə istiqamətində 1996-cı ildən etibarən mühüm işlər görülüb. Onun sözlərinə görə, ölkədə narkomaniyanın qarşısını almaq üçün Narkomaniya ilə mübarizə komissiyası və müvafiq dövlət orqanları tərəfindən ciddi işlər həyata keçirilib: "Dövlətin apardığı mübarizə tədbirlərinə baxmayaraq, ölkədə narkotik maddə istifadəçilərinin sayı artıb. Səhiyyə nazirliyinin məlumatına əsasən bu gün ölkədə 27 910 narkotik maddə istifadəçisi var. Narkomaniyaya meylli insanların sayında artım müşahidə olunur. Hər il 10-15 insan narkotik istifadəçisinə çevrilir".

Məzahir Əfəndiyev hüquq mühafizə orqanlarının bu sahədə həyata keçirdiyi tədbirlərdən də danışıb. Onun sözlərinə görə, Azərbaycanda ötən il ərzində hüquq-mühafizə orqanları tərəfindən qeyri-qanuni dövriyyədən 1 ton 371 kiloqram narkotik vasitə çıxarılaraq məhv edilib.

Milli Ofis rəhbəri bildirib ki, son 5 ildə narkotiklərdən istifadədə yaş senzi 30-dan 17-yə düşüb: "Aparılmış araşdırmalar zamanı isə regionlarda, xüsusilə cənub regionunda hətta 14-15 yaşlı yeniyetmələrin də narkotikdən istifadə etməsi hallarına rast gəlinib. Bunu qismən də olsa aradan qaldırmaq və xəstəliyin bütün insanları cənginə almaması üçün beynəlxalq təcrübədə əsas istiqamətdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düzgün, effektiv aparılması vacibdir".

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk isə bildirib ki, BMT-nin Qlobal Narkotik Hesabatına görə, ötən il 230 milyon insan, yəni dünyanın 5 faizi narkotiklərdən ən azı bir dəfə istifadə edib: "Hazırda isə dünya əhalisinin 0,6 faizi narkotik istifadəçisidir. Narkotik istifadəçilərinin 15 milyon nəfəri narkotik asılılığı olanlardır. Ötən il dünya əhalisinin 1,3 faizi, təxminən 15-64 yaş arası insan narkotik istifadəsindən həyatını itirib. Narkotik istifadəçilərinin 40 faizi Hepatit C xəstəliyindən əziyyət çəkir. Bunların da çoxu HİV-lə yaşayanlardır".

BMT rəsmisi bu xəstəliklə bağlı Azərbaycandakı vəziyyətə də toxunub. O qeyd edib ki, Azərbaycanın cəzaçəkmə müəssisələrində HİV-ə yoluxanların sayı 2,5 faizdən 5,8 faizə qalxıb.

Diplomat əlavə edib ki, bu gün Azərbaycanın böyük narkotik tranzitinin üzərində yerləşməsi ölkədə narkotikdən istifadənin və alverinin artmasına təsir göstərir. Azərbaycan narkotik və onun istifadəçilərinə qarşı böyük mübarizə elan edib. Hüquq-mühafizə orqanlarının atdığı addımlar bunu bir daha təsdiq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə