Lənkəranda Azərbaycan Silahlı Qüvvələri günü qeyd edilib

Lənkəranda Azərbaycan Silahlı Qüvvələri günü qeyd edilib

İyunun 24-də Heydər Əliyev Mərkəzində "N" saylı hərbi hissənin əsgərlərinin iştirakı ilə 26 iyun Silahlı Qüvvələrin yaranması gününə həsr olunmuş "Azərbaycanda ordu quruculuğu və Heydər Əliyevin uzaqgörən siyasəti" mövzusunda tədbir düzənlənib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbiri Mərkəzin direktoru Seyidzadə Şəfiyeva açaraq, əsgərləri Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü münasibəti ilə təbrik edib və bildirib ki, böyük siyasi Lider, qüdrətli şəxsiyyət olan Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın dövlət və ordu quruculuğunda yeni bir mərhələnin təməli qoyulub. Onun rəhbərliyi ilə qısa zaman kəsiyində ordu quruculuğu yeni mərhələyə qədəm qoyub. Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin daha da möhkəmlənməsi, xüsusi ilə ordumuz üçün hərbi kadrlar hazırlayan hərbi təhsil sisteminin modernləşdirilməsi üçün mühüm tədbirlər görüb. Azərbaycanda ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi kursu bu gün möhtərəm prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra Mərkəzin elmi işçisi Qadir Kazımov əsgərləri Ümummilli Liderin ictimai-siyasi fəaliyyətini əks etdirən memorial muzey və filmlə tanış edib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə