“Bir millət iki dövlət: Qarabağdan Anadoluya könül körpüsü” FOTO

“Bir millət iki dövlət: Qarabağdan Anadoluya könül körpüsü” FOTO

Dövlət Filarmoniyasında Azərbaycan Silahlı Qüvvələri günü münasibəti ilə möhtəşəm "Bir millət iki dövlət" adlı tədbir və konsert proqramı keçirilib. SİA-nın məlumatına görə, "Bir millət iki dövlət: Qarabağdan Anadoluya könül körpüsü" adlı tədbirdə Türkiyənin tanınmış sənətçisi Mustafa Yıldızdoğan öz zəngin repertuarı ilə səhnə alıb.

SİA-nın məlumatıan görə, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi, "Gövhər" Qrup tərəfindən 26 iyun Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə keçirilən tədbir Milli Qəhrəman, şəhid, qaçqın və məcburi köçkün ailələri üçün təşkil olunub. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva deyib ki, biz bu gün burada 2 önəmli tarixi birlikdə qeyd edirik: "Bütün müsəlman Şərqində ilk demokratik parlamentli cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyini və Azərbaycan Silahlı Qüvvələr Gününü. Ali Baş Komandan İlham Əliyev cənabları başda olmaqla bütün xalqımızı, bütün dünya azərbaycanlılarını ordu günü münasibəti ilə təbrik edirəm. Azərbaycan ordusu xalqın ordusudur, bu gün bütün dünya Azərbaycan ordusunun güclənməsini görür. Bu gün Azərbaycan ordusunda xidmət edən oğullar ən yüksək səviyyədə vətən üçün mübarizəyə hazırdır".

Millət vəkili Qənirə Paşayeva həmçinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində minlərlə günahsız insanın həyatının məhv olması, 100 minlərlə azərbaycanlının yaşadığı ağrı-acılardan, 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərdən danışıb.

Sonra Azərbaycan Respublikası Qaçqın və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov çıxış edib. O, Prezident cənab İlham Əliyevin qaçqın və məcburi köçkünlərə olan daimi diqqət və qayğısından, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Gəray Fərhadov bildirib ki, bu cür tədbirlər işğaldan azad ediləcək Qarabağımızda, Xankəndində, Şuşada və digər bölgələrimizdə qeyd ediləcək.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Ahmet Arslan çıxışında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətinə toxunaraq Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nə təşəkkürünü bildirib.

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı elçisi Ş.Topçu, Respublika Şəhid Anaları Cəmiyyətinin sədri Rəfiqə Əsgərova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu da çıxış edərək hər kəsi Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təbrik ediblər və bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Bundan sonra millət vəkili Qənirə Paşayeva səhnəyə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və "Gövhər" Qrupun təşkilatçılığı ilə Azərbaycana gələn Türkiyənin tanınmış sənətçisi Mustafa Yıldızdoğanı və onu müşayiət edən heyəti dəvət edib.

Qənirə Paşayeva bütün təşkilatçılar adından Azərbaycanın qədim mədəniyyət beşiyi olan Şuşanın təsvir olunduğu rəsm tablosunu və çay dəstini Mustafa Yıldızdoğana hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə