Azərbaycanda ilk dəfə keçirilən İdman Dırmanması üzrə Dünya kuboku yarışı sona çatıb. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, 22 iyun 2013-сü il tarixində kişi və qadın atletlərin təsnifat yarışı ilə start götürən İdman Dırmanması üzrə Dünya kuboku növbəti gün yarımfinal və final mərhələləri ilə davam edib.
Dünyanın 11 ölkəsindən 69 idmançının iştirak etdiyi, eyni zamanda olduqca maraqlı və gərgin mübarizə şəraitində keçən Dünya kubokunun final mərhələsində idmançılar qarşılarına qoyduğu məqsədə müvəffəq olmaq üçün birinci yer uğrunda qızğın mübarizə aparıb. Yarışın sonunda qaliblər müəyyən olunub.
Qeyd edək ki, yarış zamanı qadınlar arasında yeni dünya rekordu (8.05 saniyə) qeydə alınıb.
İdman Dırmanması üzrə Dünya kubokunun nəticələrini təqdim edirik:
İdman Dırmanması üzrə Dünya kuboku yarışında kişi atletlərin final mərhələsinin nəticələri
1. Stanislav Korokin (Rusiya)
2. Yaroslav Qontuk (Ukrayna)
3. Leonardo Qontero (İtaliya)
İdman Dırmanması üzrə Dünya kuboku yarışında qadın atletlərin final mərhələsinin nəticələri
1. Yuliya Kaplina (Rusiya)
2. Alina Qaydamanika (Rusiya)
3. Aleksandra Rutinska (Polşa)
Yarışın sonunda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) prezidenti H.Bağırov çıxış edərək qalibləri təbrik edib, yarış iştirakçılarına və qonaqlara təşəkkürünü bildirib və Azərbaycanın növbəti İdman Dırmanması üzrə Dünya kubokuna ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb.
Daha sonra çıxış edən Beynəlxalq İdman Dırmanması Federasiyasının (IFSC) prezidenti M.Skolaris də idmançıları təbrik edib və yarışın yüksək səviyyədə təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.
Yarışın sonunda qaliblərə medallar və pul mükafatları təqdim olunub.
Xatırladaq ki, 22-23 iyun 2013-cü il tarixlərində Azərbaycanda ilk dəfə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) birgə təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə İdman Dırmanması üzrə Dünya kuboku yarışı keçirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB