AMEA-da beynəlxalq elmi konfrans keçirilib FOTO

AMEA-da beynəlxalq elmi konfrans keçirilib FOTO

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Qloballaşma prosesləri və Azərbaycan elmi" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. AMEA-dan SİA-ya verilən məlumata görə, öncə konfrans iştirakçıları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Rusiya, Ukrayna, Litva, Polşa, Yunanıstan, Türkiyə, Gürcüstan və digər ölkələrdən görkəmli alimlərin iştirak etdiyi konfransda elmi nəşrlərin sərgisi təşkil olunub. "Heydər Əliyev Azərbaycan elminin keşiyində" adlı ikicildlik sənədlər toplusu konfrans iştirakçılarının böyük marağını cəlb edib.

Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik Akif Əlizadə bildirib ki, tədbirin Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunması təsadüfi deyildir: "Müasir Azərbaycanın hərtərəfli inkişaf aspektlərini hər zaman təhlil edərkən Ulu öndərin həyat fəaliyyətinə müraciət etmək lazım gəlir. Heydər Əliyev dühası keşməkeşli 90-cı illərdə Azərbaycan elmini yaradıb, təhlükələrdən xilas edib, sonra isə dünyanın elm məkanına inteqrasiya olunmasında və qloballaşmasında həlledici rol oynayıb".

AMEA-nın prezidenti qloballaşmanı dünyanın informasiya-kommunikasiya texnologi­yala­rının nailiyyətlərinə əsaslanan yeni inkişaf mərhələsi kimi qiymətləndirib. O, qloballaşma və inteqrasiyanın məhz İKT imkanları nəticəsində mümkün olduğunu da qeyd edib.

Akif Əlizadə vurğulayıb ki, bu mənada Azərbaycanda İKT-nin inkişaf etdirilməsi siyasəti düzgün istiqamətdə köklənib. Akademik əlavə edib ki, Azərbaycanda elm və təhsilin müasir səviyyədə inkişafı digər amillərlə yanaşı, beynəlxalq elmi əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsindən bila­vasitə asılıdır. Dövlət başçısının sərəncamı əsasında 2015-ci ilədək 5 min gəncin xarici ölkələrə təhsil almaq və təcrübə qazanmaq üçün göndərilməsi nəzərdə tutulur. Bu proses uğurla həyata keçirilməkdədir. Akademik möhtərəm Prezident İlham Əliyevin sözlərini xatırladaraq deyib ki, regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə çevrilməlidir. Hörmətli Prezident İlham Əliyevin bu çağırışı Azərbaycan elminin indiki şəraitdə strateji inkişaf hədəfini müəyyən edir.

Beynəlxalq tədbirdə Türkiyənin İstanbul Kültür Universitetinin rektoru professor Sıddıka Demir, Rusiyanın Ural Federal Universitetinin kafedra müdiri professor Aleksandr Nesterov, Ukrayna Milli Elmlər Akademiyasının Ümumi Tarix İnstitutunun direktoru professor Andrey Kudryaçenko, Kapodistri adına Afina Milli Universitetinin Bizans tarixi və arxeologiya kafedrasının professoru Katerina Nikolau çıxış ediblər. Qonaqlar AMEA ilə əməkdaşlıq əlaqələrindən, Azərbaycandakı müasir inkişaf tempindən bəhs edib, konfransa qatılmaqdan məmnun olduqlarını bildiriblər.

Elmi konfrans öz işini Milli Azərbaycan Tarixi və Milli Azərbaycan Ədəbiyyatı muzeylərində, Fizika İnstitutunda elmin müxtəlif istiqamətli mövzuları ilə dəyirmi masalarda davam etdirib. Konfrans çərçivəsində AMEA-nın institutları və muzeylərində işgüzar görüşlər həyata keçirilib, ikitərəfli əməkdaşlıq müqavilələri imzalanması, Bakının tarixi və mədəni abidələri ilə tanışlıq baş tutub.

Qeyd edək ki, iyunun 22-də konfrans öz işini başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə