Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin "Qarabağdan Anadoluya könül körpüsü" adlı layihəsi çərçivəsində ölkəmizin ön cəbhəsi olan Tərtərdə qulluq edən əsgər və zabitlər üçün 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü və Azərbaycan Demokratik Respublikasının qurulmasının 95 illiyi münasibətilə tədbir və konsert proqramı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayeva, millət vəkili Sahib Alıyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Türkiyənin tanınmış sənətçisi Mustafa Yıldızdoğan və "Gövhər" Qrupun rəhbəri Gövhər Həsənzadə iştirak ediblər.
Tədbiri açan Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov hər kəsi 26 iyun Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib və xoş arzularını çatdırıb. O, ordu ilə xalqın birliyindən, Ümummilli liderin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilmiş işlərdən söz açıb.
Tədbir iştirakçılarını 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təbrik edən millət vəkili Qənirə Paşayeva, dövlətin hər zaman milli qəhrəman, şəhid, qaçqın və məcburi köçkün ailələrinə diqqət və qayğı göstərməsindən danışıb: "Ön cəbhədə yaşayan sizin kimi dəyərli və torpaqlarımızı öz canı ilə qoruyan bacı-qardaşlarımızla, ağsaqqal və ağbirçəklərimizlə birlikdə olmaqdan çox məmnunam. Buraya, Türkiyənin tanınmış sənətçisi Mustafa Yıldızdoğan da gəlib. Mustafa Yıldızdoğan bu konserti verməyə mənəvi haqqı olan bir sənətçidir. Çünki o, İstanbulda, Taksim meydanında "Xocalıya Ədalət!" şüarı altında keçirilən böyük mitinqə qatılan az sayda sənətçilərdən biri olmaqla yanaşı, hər zaman bu mövzuda fikirlərini açıq şəkildə hər yerdə söyləyən dəyərli bir insandır. O, bir millət, iki dövlət düşüncəsində olan bir sənətkardır və Azərbaycana qarşı hər zaman böyük sevgi ilə çıxış edir".
Daha sonra çıxış edən millət vəkili Sahib Alıyev də bütün əsgər və hərbçiləri 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib. O, Azərbaycan Ordusunun gücünün, qüdrətinin daha da artdığını və işğal altında olan torpaqlarımızı işğaldan azad etmək iqtidarında olduğunu deyib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu da çıxış edərək bütün əsgər və hərbçiləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və "Gövhər" Qrupun dəvəti ilə Azərbaycana gələn Türkiyənin tanınmış sənətçisi Mustafa Yıldızdoğan Azərbaycan və Türkiyənin "bir millət iki dövlət" olduğunu və özü ilə bərabər Türkiyədəki bütün qardaş və bacıların salam, sevgi və təbriklərini gətirdiyini deyib: "Türkiyə və türk xalqı hər zaman sizin yanınızda olub və bundan sonra da olacaq. İnşallah, bu cür gözəl görüş və tədbirləri Dağlıq Qarabağda da keçirəcəyik".
Millət vəkili Qənirə Paşayeva rayon ictimaiyyəti adından Mustafa Yıldızdoğana Azərbaycan bayrağını təqdim edib.
Azərbaycan bayrağını öpüb gözünün üstünə qoyan Mustafa Yıldızdoğan deyib: "Bu bayraq mənim üçün ən dəyərli hədiyyədir və mənə Türkiyə bayrağı qədər əzizdir".
Qeyd edək ki, rəssam Sabir Çopurovun neftlə çəkdiyi "Qarabağ xanəndələri" tablosu türkiyəli sənətçiyə hədiyyə edilib.
Tədbirin sonunda Mustafa Yıldızdoğan geniş konsert proqramı ilə çıxış edib, yerli ictimaiyyət ilə görüşüb və KİV-in suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB