Ön cəbhədə Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib FOTO
Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin "Qarabağdan Anadoluya könül körpüsü" adlı layihəsi çərçivəsində ölkəmizin ön cəbhəsi olan Tərtərdə qulluq edən əsgər və zabitlər üçün 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü və Azərbaycan Demokratik Respublikasının qurulmasının 95 illiyi münasibətilə tədbir və konsert proqramı keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayeva, Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, millət vəkili Sahib Alıyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Türkiyənin tanınmış sənətçisi Mustafa Yıldızdoğan, "Gövhər" Qrupun rəhbəri Gövhər Həsənzadə iştirak ediblər.
Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva ön cəbhədə əsgərlərimizlə, hərbçilərmizlə bir arada olmaqdan və bu gözəl bayramı bərabər keçirməkdən öz məmnunluğunu ifadə edib: "Əziz hərbçi və əsgərlər, bu gün biz sizinlə ölkəmizin ön cəbhələrindən birindəyik. Siz ölkəmizi və ön cəbhəmizi çox layiqli və ləyaqətlə qoruyursunuz. Düşmən Ermənistanın bütün təxribatlarına, atəşkəsi pozaraq sivil insanları atəşə alma kimi vandalizm aktlarına, öz əkin sahələrində, həyətlərində çalışan insanları snayperlərlə hədəfə alma aktlarına, belə bir vəhşi hərəkətləri törədən qüvvələrin varlığına belə baxmayaraq siz layiqli şəkildə insanları qoruyursunuz. Bu gün bütün dünya və düşmən sizin simanızda Azərbaycan ordusunun gücünü və qüdrətini görür. Bu gün Azərbaycan və onun ordusu içərisində vətənini qoruyan oğullar ən yüksək səviyyədə vətən üçün mübarizəyə hazırdır. Mən sizinlə burda, ön cəbhədə birgə olmaqdan iftixar hissi keçirirəm."
Millət vəkili Qənirə Paşayeva torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb: "Ali Baş komandan, prezident cənab İlham Əliyev hər zaman bildirir ki, biz torpaqlarımızın bir qarışından belə vaz keçməyəcəyik. Əgər Ermənistan sülh yolu ilə razılaşmasa, Azərbaycan öz suveren hüququndan istifadə edib istənilən yolla torpaqlarını işğaldan azad edəcək. Arzu edirəm ki, gələn il Ordu Günümüzü, bu cür tədbirlərimizi Ali Baş komandan, prezident cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək".
Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov da bütün əsgərləri və zabitləri 26 iyun Azərbaycan Silahlı Qüvvələri günü münasibəti ilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Daha sonra çıxış edən millət vəkili Sahib Alıyev də bütün əsgər və hərbçiləri 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib. O, Azərbaycan Ordusunun gücünün, qüdrətinin daha da artdığını və işğal altında olan torpaqlarımızı işğaldan azad etmək iqtidarında olduğunu deyib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu da çıxış edərək bütün əsgər və hərbçiləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
Sonra hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim edilib. Hədiyyələrlə bərabər millət vəkili Qənirə Paşayeva əsgər və zabitlərə Qarabağ həqiqətləri ilə bağlı kitablar və özünün yenidən çapdan çıxan "Məndən sonra..." (Özümə yolçuluq) kitablarını hədiyyə edib.
Qeyd edək ki, Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və "Gövhər" "Qrupun dəvəti ilə ilk dəfə Azərbaycana gələn Türkiyənin tanınmış sənətçisi Mustafa Yıldızdoğan da öz növbəsində ürək sözlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Azərbaycan və Türkiyənin "bir millət iki dövlət" olduğunu və hərbi hissədə Azərbaycan əsgər və hərbçiləri ilə birlikdə ordu gününü qeyd etməkdən məmnun olduğunu deyib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB