"Azərbaycan xalqının əksəriyyəti İlham Əliyevin namizədliyini dəstəkləyir" MÖVQE

"Azərbaycan xalqının əksəriyyəti İlham Əliyevin namizədliyini dəstəkləyir" MÖVQE

Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-içraçı katibi Əli Əhmədov Xızı rayonunda partiyanın fəalları ilə görüşüb. SİA-nın Şimal bürosunun əməkdaşına verilən məlumata görə, YAP-ın Xızı rayon təşkilatının sıralarında 1776 üzv var. Bunların da təxminən 50 faizini, yəni 879-nu gənclər təşkil edir. Təşkilatın sıralarında 768 qadın da fəal iştirak edir.

Əli Əhmədov fəallar qarşısında çıxışı zamanı bildirib ki, bütün partiya üzvləri kimi Xızı rayon təşkilatının üzvləri də cənab prezident İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyirlər. Azərbaycanın inkişafında, müasirləşməsində bu və ya digər şəkildə YAP-ın və onun sıralarında cəmləşən 600 minə yaxın fəalın, Azərbaycan vətəndaşının əməyi, fədakarlığı var.

İcra katibi bildirilib ki, Yeni Azərbaycan Partiyası 20 illik tarixində YAP-ın yaradıcısı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti əldə rəhbər tutaraq fəaliyyət göstərib və bu fəaliyyət nəticəsində də əzəmətli, möhtəşəm uğurlar qazanıb. 2013-cü ilin oktyabrında ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırladan Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov qeyd edib ki, ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub. Bütün bunlar isə xalqımızın mütləq əksəriyyətinin Prezident İlham Əliyevin namizədliyini irəli sürməsinə zəmin yaradıb. Qətiyyətlə demək olar ki, Azərbaycan xalqının əksəriyyəti İlham Əliyevin namizədliyini dəstəkləyir.

YAP Xızı rayon Təşkilatının sədri Fərrux Haqverdiyev çıxış edərək Prezident İlham Əliyevə Xızı rayonuna, sakinlərə göstərdiyi diqqət və qayğıya görə, minnətdarlıqlarını bildirib və prezident seçkilərində Ona səs verəcəklərini bildirib.

Sonra təşkilata üzv olanlara yeni vəsiqələr paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə