“Məndən sonra...”

Millət vəkili Qənirə Paşayevanın "Məndən sonra..." (Özümə yolçuluq) yeni kitabının imza günü keçirildi və müəllif kitabdan əldə olunacaq bütün gəliri çoxuşaqlı yoxsul bir ailəyə bağışladı.

"Əli və Nino" kitab dükanları şəbəkəsinin "Park Bulvar" Ticarət və Əyləncə Mərkəzində yerləşən dükanında, millət vəkili Qənirə Paşayevanın yeni çapdan çıxmış "Məndən sonra…" (Özümə yolçuluq) kitabının "imza günü" keçirilib.

SİA-nın mıəlumatıan görə, "İmza günü" törənini açıq elan edən kitabın redaktoru Əkbər Qoşalı kitab haqqında məlumat verib. "Məndən sonra"nın millət vəkili Qənirə Paşayeavnın "Özümə yolçuluq" seriyasından çıxan ilk kitabı olduğunu bildib: "Bəlkə də, bütün yollar getmək üçündür... tək özünə yolçuluqdan başqa. Özünə yolçuluğa başlamaq hər yaşda ola bilər, hər sənət-peşə sahibində ola bilər, ancaq heç də hamı bu yola çıxa bilmir, bu yola çıxmaq barədə düşünmür bəlkə... Bu anlamda, mən millət vəkili Qənirə Paşayevanı təbrik edirəm".

Millət vəkili Q.Paşayeva ilk növbədə onun "imza günü" üçün "Park Bulvar"a gələn çoxsaylı oxucuları, kitabsevərləri, ədəbiyyat dostlarını, sadə insanları bir arada görməkdən məmnun olduğunu, onların hər birinə təşəkkür etməklə sözünə başlayıb: "İlk əvvəl qeyd edim ki, bu kitabın satışından gələn gəliri ailə başçısını itirmiş və ağır vəziyyətdə yaşayan çoxuşaqlı ailələrdən birinə bağışlamışam. "Məndən sonra…" artıq məndən öncə də deyildiyi kimi "Özümə yolçuluq" seriyasından çıxan ilk kitabdır. Allah ömür versə, ikinci kitab "Səndən sonra", üçüncü isə "O" adlanacaq. Kitabın annotasiyasında yazıldığı kimi, anlamaq istəyən hər kəsə bu kitabın səhifələri acıqdı. Bu kitab bir millət vəkilinin, siyasi elmlər üzrə fəlsəfə doktorunun deyil, "O"nunla olan və özünə yolçuluğa çıxan bir insanın, bir yolçunun kitabıdır".

Kitabda millət vəkili müxtəlif vaxtlarda yazdığı məqalələr, hekayələr, esselər, bəzi şeirləri və paylaşdığı fikirləri toplanıb.

Qeyd edək ki, "imza günü"nə tanınmış sənətçilərdən Azərbaycanın əməkdar artistləri Tünzalə Ağayeva, Nuriyyə Hüseynova, Novruz Novruzlu, Türkiyənin tanınmış sənətçisi Oya Ergün, modelyer Gülnarə Xəlilova, Azərbaycanın tanınmış QHT rəhbərləri, bir sıra ölkələrdəki Azərbaycan və Türkiyə diasporlarının rəhbərləri, qardaş Türkiyədən, Cənubi Azərbaycandan qonaqlar, İpəkyolu Media Qrupunun rəhbəri Seyfulla Türksoy və KİV təmsilçiləri də qatılıb.

Qeyd edək ki, "Məndən sonra..." (Özümə yolçuluq) kitabın arxa qabığında millət vəkili Qənirə Paşayevanın bu fikirləri öz əksini tapır: "38 yaşıma çatdım...Yaşlanmaqdan qorxmadım heç zaman. Məni bu 38 ildə ən çox üzən ən azı 38 dəfə insanlığın ölümünün şahidi olmam oldu... Xocalıda, Serebrenitsada, Ruandada, Somalidə, Əfqanıstanda, Çeçenistanda, Qəzzada, Myanmada, İraqda, Suriyada.... Uzun bir siyahıdır. Günahsız insanlar, günahsız axan qanlar... Torpaq qandan, gözyaşından doydu, göylər ah-nalədən. Bir tək insan doymadı, yorulmadı insanlığı öldürməkdən, qətl etməkdən... Nə qədər acı olsa da İnsan hər gün bir az daha çox insanlığın qatilinə çevrildi. Sevgi getdikcə daha da azalır, nifrət çoxalır. Heç kəsin əbədi olmadığı, ölümün hər kəs üçün var olduğu bir dünyada nədir görəsən insanın insanlıqla dərdi ki onu getdikcə daha çox öldürür? İndi bu suala daha çox cavab axtarıram. İnsanı daha yaxından tanımaq istəyirəm. Elə özümü də... Bəlkə bizim hamımızın əslində özümüzə yolçuluğa çıxma zamanımızdır? Bəlkə özümüzə yolçuluğa çıxmaqla bir çox suallara cavab tapa bilərik? Bəlkə insanlığı bu yolla xilas edə bilərik? Bilmirəm... Sadəcə onu bilirəm ki insanlıq faciəsi yaşayan dünyada yaşamaqdan deyəsən yorulmuşam. Hər gün televiziya ekranlarından seyr etdiyim, mətbuat səhifələrindən oxuduğum dünyadan sözün gerçək mənasında utanıram.

38 yaşıma gəldim. Bəlkə də bu dünyada sadəcə sayılı günlərim qalıb və özümə yolçuluğa çıxmağa çox gecikmişəm... Bilmirəm... Bunu sadəcə böyük Yaradan bilir. Amma ən azı bəzi suallarıma cavab tapa bilmək, özümü xilas edə bilmək və insanlıq adına özümə yolçuluğa çıxdım. Bu yolda insana var-dövlət, şah-şöhrətin yoldaşlıq etməsi mümkün deyil. İzn verilmir... Bu yolda sadəcə 3 yoldaşla yolçuluq mümkündür. Sevgi, anlayış və səmimiyyət...

Gec oldu amma yola çıxdım...

Bir insanı xilas edən insanlığı xilas edərmiş...

Özümdən başladım..

Əslində hamımız özümüzü xilas etsək insanlığı tamamilə xilas edə bilərik...

Sizcə gecikmirikmi?

Bütün xəbərlər Facebook səhifəmizdə