“Tullantıdan Sənətə”

Bir insanın atdığı tullantı digər insanın sənət əsəri üçün material ola bilər. Plastik velosiped zəncirlərindən hazırlanmış it fiqurları, plastik butulkalardan hazırlanmış bijuteriyalar, köhnə pianonun hissələrindən istifadə edilərək hazırlanmış kompozisiyalar, köhnə təkərlərin kameralarından hazırlanmış fiqurlar, parça, elektronik tullantılarından istifadə edilərək hazırlanmış 3D formatlı rəsm əsərləri, hər bir tullantı parçasını insan təxəyyülü vasitəsilə sənət əsərinə çevrilə biləcəyi 16-20 iyun tarixlərində "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda keçirilən "Tullantıdan sənətə" adlı İkinci Beynəlxalq sərgidə nümayiş etdirilib.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "Təmiz Şəhər" ASC tərəfindən "Tullantıdan sənətə" adlı İkinci Beynəlxalq sərginin rəsmi bağlanış mərasimi keçirilib.

Qurumdan SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov əhalinin ekoloji təhsili və maarifləndirilməsinin dövlət ətraf mühitin mühafizəsi üzrə siyasətinin ən vacib istiqamətlərindən biri olduğunu deyib. O, həmçinin Heydər Əliyev Fondunun bu sahəni daim diqqətdə saxladığını və mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirdiyini qeyd edib. Zakir İbrahimov vurğulayıb ki, "Təmiz Şəhər" ASC öz növbəsində bu təşəbbüslərə dəstək olaraq daima maarifləndirmə proqramları keçirir. "Tullantıdan sənətə" adlı İkinci Beynəlxalq sərginin əhəmiyyətindən danışan Z. İbrahimov tədbirin keçirilməsində başlıca məqsədin incəsənət vasitəsilə əhalinin tullantıya münasibətinin dəyişmək və tullantıların təkrar istifadəsini aşılamaq olduğunu vurğulayıb.

Tədbirdə həmçinin bildirilib ki, sərgidə Azərbaycan rəssamları ilə yanaşı Fransa, İtaliya, Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Albaniya, Ukrayna, Qazaxıstan, Belarus, İsrail, Özbəkistan, Tacikistan, Türkiyə və Rusiyadan ümumilikdə 24 rəssam iştirak edib . 5 gün ərzində adətən gərəksiz hesab edilərək atılan materiallardan möhtəşəm sənət əsərləri hazırlayıblar.

Sonra isə rəssamlardan əl işləri ilə 7 dəfə Ginnes Rekordlar kitabında yer almış albaniyalı iştirakçı Saimir Strati çıxış edib. O, belə bir sərginin Azərbaycanda keçirilməsinə görə, Heydər Əliyev Fonduna təşəkkürünü bildirib və birlikdə ətraf mühiti qorumağa, daha təmiz dünya qurmağa çağırıb.

Qeyd edək ki, sərginin təşkilində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Qız Qalası" qalereyası tərəfindən təşkilati dəstək göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə