Milli Qəhrəmanın doğum günü qeyd olunub

Milli Qəhrəmanın doğum günü qeyd olunub

Yasamal rayonunda Heydər Əliyev Mərkəzində Respublika Milli Qəhrəmanlar Birliyinin təşkilatçılığı və Yasamal rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun doğum gününə həsr olunmuş tədbir keçirilib. SİA-ya verilən məlumata görə, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, Milli Qəhrəmanın ailə üzvləri, ziyalılar və KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyev Mərkəzindəki muzeyini ziyarət ediblər.

Tədbirdə Respublika Milli Qəhrəmanlar Birliyinin sədri Mirbəşir Seyidzadə, millət vəkili Qənirə Paşayeva, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Yasamal rayon İcra Hakimiyyətinin ictimai siyasi şöbəsinin müdiri Vaqif Məmmədov, Milli Qəhrəmanın bacısı Naibə Behbudova və elm adamları, KİV- təmsilçiləri və milli qəhrəmanların ailə üzvləri, şəhidin yaxınları, ailə üzvləri, dostları iştirak ediblər.

İlk öncə tədbiri giriş sözü ilə açan Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova qonaqları salamlayıb. O bildirib ki, hər zaman qəhrəman oğullarımız dövlətimizin və xalqımızın bütövlüyü, azadlığı uğrunda mübarizə apararaq qəhrəmanlıq göstəriblər: "Bu qəhrəman oğullar sırasında Səfiyar Behbudov da var. Gənclərimiz Səfiyardan və digər Milli Qəhrəmanlarımızdan nümunə götürməlidirlər".

Sonra çıxış edən Respublika Milli Qəhrəmanlar Birliyinin sədri Mirbəşir Seyidzadə Milli Qəhrəman Səfiyar Behbudovun həyatından, keçdiyi çətin və şərəfli döyüş yolundan danışıb: "Biz hər zaman Milli Qəhrəmanlar haqqında tədbirlər keçiririk onları yad edirik və bundan sonra da davam etdirəcəyik. Bu işləri həyata keçirmək ölkəmizdə olan əminamanlığın və ölkə başçısı Cənab İlham Əliyevin qayğısının nəticəsidir. Səfiyar və onun kimi qəhrəman oğullarımızı ölkəmizdə təbliğ etməliyik. Biz onlarla fəxr edirik".

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva qeyd edib ki, əgər bir insan vətəni uğrunda canından keçirsə deməli biz belə insanları həmişə anmalıyıq: "Gənclərimiz Səfiyardan və onun kimi qəhrəmanlardan örnək götürməlidirlər. Müstəqil dövlətimiz belə şəxslərə və onların ailələrinə verdiyi dəyəri də hər əməlində açıq şəkildə göstərir".

Tədbirdə digər çıxış edən, Şəmisdan Əlizamanlı, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Yasamal rayon Müharibə və Əmək Veteranlar Şurasının sədri Almaz Qasımova, Qarabağ Qeyri-Hökumət Təşkilatları Koalisiyası İctimai Birliyinin sədri Vüqar müəllim və digər qonaqlar Səfiyar Behbutovla bağlı olan xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Belə tədbirlərin keçirilməsində göstərdiyi diqqət və qayğıya görə Mirbəşir Seyidzadəyə təşəkkürlərini bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə