Regional konfrans bitdi

Quba şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə birlikdə keçirdiyi "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda regional konfrans öz işini başa çatdırıb.

Komitədən SİA-ya verilən məlumata görə, konfransın ikinci günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dinşünaslıq ekspertizası, analitik təhlil və ictimai məsələlər şöbəsinin müdiri, ilahiyyatçı Aqil Şirinov "İslamın radikalizmə və ifratçlığa qarşı münasibəti" (Qurani-Kərim və hədislər işığında) mövzusunda məruzə ilə çıxış edib. O, radikal qupların Quran və sünnəyə baxışında məqamlar barəsində danışıb. Aqil Şirinov qeyd edib ki, bunlardan birincisi dini mətnləri konteksdən qopararaq dəyərləndirmələridir: "Bu qrupların başqa bir xüsusiyyəti bidət məfhumunu çox dar bir çərçivədə qəbul edərək ortaya çıxan hər yeniliyə qarşı reaktiv bir mövqedən yanaşmalarıdır. Mövlud mərasimlərinə qarşı çıxmaları bunun bariz nümunəsidir. Eyni halı onların şirk anlayışında da görmək mümkündür. Bu məfhum da qeyd olunan qruplar tərəfindən dar bir çərçivədə başa düşülür və bunun nəticəsi olaraq bir çox müsəlman məzhəbləri tərəfindən qəbul olunan təvəssül anlyışı şirk kimi qəbul olunur. Bu da öz növbəsində ekskluzivist bir anlayışa yol açır və digər İslam məzhəblərnin təkfir (küfrdə ittiham) olunmasına səbəb olur".

Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov "Dini radikalizm və ifratçılıqla mübarizənin metodologiyası"adlı məruzəsində dünyanın bir sıra ölkələrində dini radikalizmin əsas təhlükə kimi öz aktuallığını qoruduğu, bu baxımdan radikal dini qruplarla mübarizənin müasir dövrdə dövlətimizin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdən olduğu vurğulayıb. O, qeyd edib ki, dini radikalizmlə yalnız inzibati metodlarla mübarizə bir çox halda gözlənilən nəticəni vermir, hətta əks təsir göstərərək problemi daha da dərinləşdirir. Məruzəçi dini radikalizmlə mübarizədə inzibati tədbirlərin ən sonuncu çarə sayılmalı olduğu, problemin ilkin çözümü üçün ideoloji müstəvidə iş aparılmasının vacibliyi konfrans iştirakçılarının diqqətinə çatdırıb, bu sahədə dini ictimaiyyətin, xüsusilə də dini icmaların daha aktiv olmalarını qeyd edib.

Daha sonra məruzədə dini radikalizmlə mübarizənin praktik metodları şərh edilib.

Dövlət Komitəsinin Xarici əlaqələr, nəşriyyat və redaksiya şöbəsinin müdiri Nicat Məmmədli "Vətənpərvərlik milli-mənəvi dəyər kimi" mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, Vətənprəvərlik eksluzivist konsepsiyaya əsalanmamalıdır: " Vətənpərvərlik dəyər olaraq mənim vətənimin başqalarından üstünlüyünü kiməsə sübut etmək niyyəti daşımır, vətənpərvərlik bizi biz edən kimliyimizin tərkib elementlərini paylaşa bilmək üstünlüyünü dərk etməkdən ibarətdir. Bu mənada vətənpərvərlik yalnız keçmişə yönəlmiş yaddaşla deyil, həmçinin gələcəyə yönəlmiş ümidlə güclənir".

Regional konfransın bağlanış mərasimində çıxış edən DQİDK sədr müavini Gündüz İsmayılov iki gün ərzində keçirilən plenar iclaslarda dinlənilən məruzələrin və aparılan müzakirələrin dini icmaların fəaliyyətinə müsbət təsir edəcəyini diqqətə çatdırıb. Dövlət Komitəsinin sədr müavini qeyd edib ki, bu cür konfranslar ölkəmizdə mövcud dini tolerantlıq mühitinin daha da yaxşılaşdırılması və radikalizmlə mübarizədə əsas vasitələrdən biridir. Eyni zamanda ənənəvi dindarlığın təbliği istiqamətində mühüm əhəmiyyət kəsb edir. G.İsmayılov dini icmaların cəmiyyətin aktiv təbəqəsi olduğunu diqqətə çatdıraraq onları ölkəmizin inkişafı üçün fəaliyyətlərində Azərbaycanın parlaq gələcəyi üçün çalışmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə