“Freedom House” kimi təşkilatlar tapşırıq yerinə yetirirlər

Bu təşkilata maliyyə dəstəyinin kökündə isə birbaşa erməni lobbisi ilə əlaqəli qüvvələr durur
“Freedom House” kimi təşkilatlar tapşırıq yerinə yetirirlər

"Freedom House" kimi qondarma təşkilatlar Azərbaycanın dünyada aparıcı dövlətlərlə bir sırada dayanmasını həzm edə bilmədiyindən vaxtaşırı olaraq qeyri-real, dezinformasiya xarakterli hesabatlar hazırlayaraq yayırlar. Söhbət etdiyimiz müsahiblərimiz isə bu tip hesabatların Azərbaycanın beynəlxalq aləmdə qazandığı yüksək imicinə, nüfuzuna xələl gətirə bilməyəcəyini söyləyiblər.

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı:

- Amerikanın "Freedom House" Qeyri-Hökumət Təşkilatının adında "azadlıq" sözünün olmasına baxmayaraq, bu qurum heç vaxt həqiqətən azad olmayıb. Bu təşkilatın Azərbaycanda vətəndaş cəmiyyətinin quruculuğu ilə bağlı yaydığı məlumatlar əsassızdır. Hesab edirəm ki, "Freedom House" maliyyəsini təmin edən müəyyən dairə və qrupların sifarişlərini yerinə yetirən, alət kimi istifadə edilən bir qurumdur. Bunların maliyyə dəstəyinin kökündə isə birbaşa erməni lobbisi ilə əlaqəli qüvvələr durur. Bu struktur ermənilərin antiAzərbaycan kampaniyalarının əlində bir vasitədir. "Freedom House" bütün hesabatlarında Azərbaycanın reytinqini son dərəcə aşağı salmağa, respublikanı dünya ictimaiyyətinin gözündə ləkələməyə çalışır. Bu təşkilat hər zaman Ermənistanın reytinqini Azərbaycandan yuxarı qaldırmaqla məşğuldur. Halbuki Ermənistanda iqtisadiyyat, əhali böhran vəziyyətindədir, korrupsiya və kriminal vəziyyət çiçəklənməkdədir. Əslində bu təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycan diplomatiyasını zəiflətməyə çalışır. Bu isə qəbul edilə bilməz. Belə bəyənatlar reallığı əks etdirmir. Səmimilikdən, ciddilikdən çox uzaqdır. Məhz buna görə də bu qurumun bəyənatları heç vaxt ciddi qəbul edilmir. Çünki ədalətdən, ədalət prinsiplərndən qəti şəkildə uzaq olan bu qurum reallaığı əks etdirən mövqe ortaya qoymur. "Freedom House" və bu kimi təşkilatların Azərbaycan haqqında qərəzli fikirlər yaymağı, mənfi rəy formalaşdırmaq cəhdlərinə baxmayaraq, onlar buna müvəffəq ola bilməyəcəklər.

Millət vəkili, proffessor Musa Qasımlı:

- "Freedom House" təşkilatının ölkəmiz haqqında yaydığı hesabat heç bir həqiqəti əks etdirmir. Bu hesabatın arxasında Azərbaycana düşmən olan xarici qüvvələr və daxildəki öz maraqlarını dövlətin maraqlarından üstün tutan bəzi təşkilatların verdikləri hesabatlar dayanır. Müəyyən məqsədlər güdməklə Azərbaycana təziqlər etmək bu qurumun ölkəmizə qarşı çoxdankı mövqeyidir. Hər kəs gözəl bilir ki, Azərbaycanda siyasi partiyalar, təşkilatlar qanuni şəkildə fəaliyyət göstərir,insan hüquqları yüksək səviyyədə qorunur, söz azadlığı var, müxalifət mətbuatı nə istəyirsə dərc edə bilir. Ölkəmizdə müxtəlif yönümlü saytlar fəaliyyət göstərir və jurnalistlər öz fikirlərini orada yaza bilirlər. Azərbaycanın bu hesabatda Ermənistan və digər geridə qalan ölkələrlə eyni qrupda tutulması bu qurumun qərəzli, qeyri obyektiv olmasının göstəricisidir. Müstəqil siyasəti olmayan, iqtisadi tənəzzülə uğrayan, məhv olan, dağılan Ermənistanla eyni siyahıda olmaq nə qədər obyektivdir? Azərbaycan demokratik, fikir azadlığı olan, müstəqil siyasət yürüdən, söz və mətbuat azadlığı olan, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunduğu bir ölkədir. Azərbaycan Respublikası qısa müddət ərzində siyasi, sosial-iqtisadi və digər sahələrdə nail olduğu sıçrayışlı yüksəlişlə, o cümlədən yerləşdiyi məkanın siyasi və iqtisadi imkanlarından səmərəli formada yararlanmaqla Cənubi Qafqazın aparıcı dövlətinə çevrilib. O cümlədən regionda və dünyada cərəyan edən proseslərlə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı regionun lider dövləti edib. Hər ötən il Azərbaycan imkanlarını dünyaya nümayiş etdirərək, ölkəmizin beynəlxalq imicini artıran mühüm hadisələrlə tarixə qızıl hərflərlə yazılır. Ölkəmizdə qeyri-hökumət təşkilatlarının layihələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi vətəndaşların və ictimai qurumların fəallığının artmasına böyük təkan verir. Bütün bu sadaladıqlarımızdan sonra Azərbaycana qarşı çirkin kampaniyalar apararaq bəyənatlar hazırlayan "Freedom House" kimi subyektiv məqsədlərə xidmət göstərən bir qurumun fikirləri qəti şəkildə yalnışdır, qeyri-ciddi və qeyri-səmimidir. "Freedom House"un Azərbaycanda insan hüquqlarının müdafiəsi və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən işləri görməzliyə vurması və hazırladığı hesabatda Azərbaycanda insan haqları və vətəndaş cəmiyyəti üçün həyəcanlı vəziyyət hökm sürdüyünü iddia etməsi isə bu təşkilatın Azərbaycana qarşı nümayiş etdirdiyi növbəti qərəzli mövqeyidir. Bu isə qəbuledilməzdir.

Millət vəkili Zahid Oruc:

- "Freedom House"un hesabatlarında əksər hallarda eyni tendesyanın şahidi oluruq. Birinci növbədə soyuq müharibə dövrünün ideoloji qarşıdurmanın əlamətləri həmin sənədlərə daxil edilir. Sanki müxtəlif ölkələr üst kateqoriyaya, səviyyəyə çıxarılır, başqa ölkələr arzuolunmaz elan edilərək, onlara qarşı kəskin münasibət sərgilənir. İnsan hüquqlarının pozulduğu ölkə kimi Azərbaycanı təqdim etmək cəhdləri qabarıq şəkildə burada əks olunur. Əslində bu cür təşkilatların hesabatları hər bir ölkədə vəziyyəti düzgün əks etdirməli, demokratiya və hüququn aliliyi prinsiplərinin qorunmasına hesablanmalıdır. Hesabatın əhatə etdiyi dövrdə insanların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində atılan addımların dərin təhlili apırılmalı və yekun nəticə hesabatda yer almalıdır. Lakin "Freedom House" və onun kimi bəzi təşkilatlar qarşılarına başqa məqsəd qoyublar və obyektiv gerçəkliyi əks etdirmək əvəzinə, qərəzli və yalan məlumatlar əsasında hər zaman Azərbaycanın mənfi imicini formalaşdırmağa cəhd göstərirlər. Azərbaycanın adının hesabatlarda demokratik işartıların görünmədiyi ölkələrlə bir sırada çəkilməsi bunu təsdiq edir. "Freedom House"-dan başqa bir şey gözləmək də olmaz.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə