Azərbaycanda Çiyələk Festivalı keçirilib

Azərbaycanda Çiyələk Festivalı keçirilib

Bərdə rayonunda Çiyələk Festivalı keçirilib. Bir neçə rayonun iştirak etdiyi festivalda müxtəlif növ çiyələklərin tanıdılması və satışı baş tutub.

SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, yerli fermerlərin becərdikləri və yarmarkaya çıxarılan çiyələk növü 2 il öncə OXFAM Beynəlxalq Humanitar Təşkilatının xətti ilə Azərbaycana gətirilib. Pilot layihəyə Bərdə rayonunun Qayalı və Şahvəllər, Tərtər rayonunun İrəvanlı və Seyidimli kəndlərindən olan 50-a yaxın fermer cəlb edilib. Fermerlərə təklif olunan çiyələk növü həm öz təravətini itirilməməsi, həm də bir neçə gün ərzində davamlılığını saxlaması ilə seçilir.

Yarmarka pilot layihə çərçivəsində əldə edilən nəticələri əhaliyə təqdim etmək məqsədi ilə təşkil edilib. Müştərilər satışa çıxarılan məhsulun qiyməti və keyfiyyətindən məmnunluqlarını dilə gətiriblər.

Fermerlər bildiriblər ki, yerli sortlardan fərqli olaraq, yeni çiyələyin üstün cəhəti onun bir neçə ay ərzində davamlı məhsul verməsidir.

Qeyd edək ki, festivalda 1,2 ton çiyələk satılıb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə