Əli Həsənov: "Azərbaycan Ermənistandan təzminat tələb edəcək"

Əli Həsənov: "Azərbaycan Ermənistandan təzminat tələb edəcək"

Ümumdünya qaçqınlar günü münasibəti ilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi tərəfindən birgə tədbir keçirilib. SİA-nın məlumatına görə, Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson, Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, millət vəkilləri, səfirlər və QHT nümayəndələri iştirak edir.

Tədbiri giriş sözü ilə açan Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson bildirib ki, dünyada didərginliyin əsas yeni faktoru kimi özünü göstərən Suriya böhranı ilə, qaçqın və ya məcburi köçkünlərin sayı 1994-cü ildən indiyədək olan dövrdə ən yüksək həddədir. O qeyd edib ki, 18 yaşdan aşağı uşaqlar bütün qaçqınların 46 faizini təşkil edir: "Bundan əlavə, ötən il ərzində rekord göstərici olaraq sığınacaq istənilməsi ilə əlaqədar 21300 müraciət, valideynlərindən ayrı düşmüş uşaqlar tərəfindən təqdim olunub".

Siqurdson onu da vurğulayıb ki, BMT QAK-ın hesabatında göstərilən bütün qaçqınların 55 faizi müharibəyə məruz qalmış beş əsas ölkədən-Əfqanıstan, Somali, İraq, Suriya və Sudandandır.

Daha sonra çıxış edən baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, qaçqın və məcburi köçkünlərin problemləri hər kəsi, o cümlədən beynəlxalq təşkilatları düşündürür: "BMT Ümumdünya qaçqınlar günü keçirməklə dünya ictimaiyyətinin diqqətinə çatdırır ki, bu problem dözülməz problemdir. Buna baxmayaraq, təəssüf ki, biz gözlədiklərimizin əksini görürük. Yəni dünyada qaçqın və məcburi köçkünlərin sayı artmaqdadır. Azərbaycanda hazırda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Ölkəmizin əhalisinin sayı artdıqca, ona nisbətdə qaçqın və məcburi köçkünlərimizin də sayı artır. Azərbaycan dövləti bu gün qaçqın və məcburi köçkünlərini sosial təminatını yaxşılaşdırır. Bununla yanaşı, ölkəmizdə bu gün də beynəlxalq humanitar təşkilatlar öz fəaliyyətlərini davam etdirir. Azərbaycanın ən çətin günündə ölkəmizdə dəstək olan hər bir dövlətə təşəkkür edirəm".

Baş nazirin müavinin sözlərinə görə, Dövlət Neft Fondunun vəsaiti hesabına 151 min nəfər yeni mənzillərə köçürülüb: "Bu proses sülh bərqərar olunana qədər davam edəcək. Müharibə vaxtı Azərbaycana dəymiş ziyan hesablanır və bu proses başa çatmaq üzrədir. Ermənistan bilməlidir ki, Beynəlxalq Qiymətləndirmə Assosiasiyası bu hesabatı təsdiq etdikdən sonra, Azərbaycan öz tərəfindən təzminat tələb edəcək. Bu təzminatı erməni xalqı ödməlidir. Bu məsələ onları ciddi düşündürməlidir. Nə qədər gec deyil, Ermənistan ədalətsiz mövqeyindən əl çəkməlidir. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamələrin qəbul olunmaması bizim deyil, dünyanın problemidir".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə