Hüquq müdafiəçisinin də hüququnun qorunmasına ehtiyac yaranıb

Aydın MİRZƏZADƏ, millət vəkili
Hüquq müdafiəçisinin də hüququnun qorunmasına ehtiyac yaranıb

Bu gün Azərbaycan hüquq müdafiəçisi Novella Cəfəroğlunun "Freedom House" xarici ölkə QHT-sinin Azərbaycanla bağlı hesabatına münasibət bildirməsi üzvü olduğu Müsavat Partiyasında böyük narazılığa və kəskin cavaba səbəb olub. Xanım Cəfəroğlu münasibətində Azərbaycan hökumətini kifayət qədər tənqid edib. "Azərbaycanda insan haqları çox yaxşı pozulur. Siyasi məhbuslarımız var, NİDA-çılar, İlqar Məmmədov, Qurban Məmmədov, jurnalistlər, dindarlar həbsdədir. Amma Azərbaycan dövləti haqqında bu fikirləri demək mənə çox pis təsir edir", - deyən hüquq müdafiəçisi "Freedom House" təşkilatının hesabatında Azərbaycanı digər ölkələrdən aşağı tutulması ilə razılaşmayıb.

O bildirib ki, Ermənistanda, Gürcüstanda, Rusiyada, Ukraynada vəziyyət Azərbaycandan daha acınacaqlıdır.

"Ermənistanda 500 min insan qaçır, prezident seçkilərində namizədi güllələyirlər. Gürcüstanda son zamanlarda baş verənlər göz qabağındadır. Ukraynada baş nazir Yuliya Timoşenko, jurnalistlər həbs olunur. Bu ölkələr həmin siyahıda yer almır. Amma Azərbaycanı son beş ölkə sırasına salırlar.

Mən hakimiyyətdən razı deyiləm. Amma dövlətimiz haqqında bu fikirlərin səsləndirilməsi və haqsız araşdırmalar aparılaraq belə hesabatların ictimaiyyətə təqdim olunması mənə pis təsir edir.

Necə olur ki, Azərbaycanda insan haqları pozulur, digər ölkələrdə pozulmur? Belə hesabat olmaz. "Freedom House" təşkilatı qələt eləyib. Monitorinqlər düzgün aparılarsa, biz də bu nəticələrlə razılaşarıq", - deyə, xanım Cəfəroğlu sözlərinə əlavə edib.

Belə sakit, neytral və fərdi münasibət isə onun bu günə qədər olan dostlarının heç xoşuna gəlməyib. Və demokratik Müsavat Partiyasının demokratik nümayəndələri necə demokratik olduqlarını tez ortaya qoydular. Məsələn, Müsavat başqanının müşaviri Yadigar Sadıqov partiyanın qərarını xanım Cəfəroğlunun özünün üzüsulu Müsavatdan çıxıb getməsini tələb edib...

Müsavatın tanınmış simalarından olan Ramiz Yunus isə daha sərt tonda və üslubda danışıb, "mənə qalsa, onu Müsavatdan iti qovan kimi (ifadə ona məxsusdur – A.M) qovardım" deyib... R.Yunusun kimin qohumu olduğunu xüsusi vurğulamaq istəmirəm, çünki, hesab edirəm ki, hər kəs öz adı və fəaliyyəti ilə tanınmalıdır.

Bu situasiyadan iki moment xüsusi nəzərə çarpır. Azərbaycan demokratiya dərsi keçən siyasi təşkilat öz sıralarında demokratiyaya dözümlüsüzlüyünü bir anda aşkarladı. Deməli, demokratiya şüar ola bilsə də, partiyadaxili münasibətlərdə iş prinsipi ola biməzmiş.

Digər vacib məsələ isə demokratik insanların Azərbaycan qadınına olan münasibəti və yolverilməz leksikonlarıdır. Prinsipcə Azərbaycan hakimiyyətinə müxalifliyini açıqlayan şəxs, xarici QHT-yə etirazı bildirəndə, nədənsə dostlarının həssas hisslərinə toxunmuş olur.

Mən Novella Cəfəroğlu ilə əks siyasi düşərgələrdəyəm, onun bundan sonra da Azərbaycan iqtidarını sevəcəyinə heç zaman inamıram. Ancaq siyasi əqidəsindən asılı olmayaraq o Azərbaycan qadınıdır və onun aşağılanması yolverilməzdir. Belə presidentin ortaya atılması mənəviyyatın aşılanmasına gətirib çıxara bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə