Komitənin elektron xidmətləri inteqrasiya olunub

Komitənin elektron xidmətləri inteqrasiya olunub

Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının icrası məqsədilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2012-ci il tarixli, 235 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"na uyğun olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin elektron xidmətləri "Elektron hökümət" portalına (www.e-gov.az) inteqrasiya olunub.

Komitədən SİA-ya verilən məlumata görə, portal vasitəsilə vətəndaşların istifadəsinə təqdim edilmiş xidmətlərə "Xarici ölkənin milli orqanının və ya beynəlxalq təşkilatın Azərbaycan Respublikasının ərazisində sertifikatlaşdırma sahəsində fəaliyyətinin razılaşdırılması haqqında attestatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu", "Sertifikatlaşdırma və ya inspeksiya orqanının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu", "Sınaq və ya kalibrləmə laboratoriyasının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu", "Standartlaşdırma sahəsində normativ sənədlərin qeydiyyatı və onlarda dəyişiklik aparılması üçün müraciətin və sənədlərin qəbulu", "Texniki reqlamentlər, standartlar və keyfiyyətin qiymətləndirilməsi prosedurlarına dair sorğuların onlayn təqdim edilməsi", "Apellyasiya şurasına etirazın (ərizənin) verilməsi" e-xidmətləri daxildir.

"Xarici ölkənin milli orqanının və ya beynəlxalq təşkilatın Azərbaycan Respublikasının ərazisində sertifikatlaşdırma sahəsində fəaliyyətinin razılaşdırılması haqqında attestatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu" e-xidməti xarici ölkənin milli orqanının və ya beynəlxalq təşkilatın Azərbaycan Respublikasının ərazisində sertifikatlaşdırma sahəsində fəaliyyətinin razılaşdırılması-idarəetmə sistemlərinin yaradılması sahəsində fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərin AZS Milli Sertifikatlaşdırma Sistemində qeydiyyatı və fəaliyyətinin razılaşdırılması barədə attestatın verilməsi üçün müraciət və sənədlərin elektron qaydada qəbulunu əhatə edir.

"Sertifikatlaşdırma və ya inspeksiya orqanının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu" e-xidməti ölkədə sertifikatlaşdırma və ya inspeksiya orqanının akkreditasiyanın həyata keçirilməsi, akkreditasiya attestatının verilməsi üçün müraciət və sənədlərin elektron qaydada qəbulunu əhatə edir.

"Sınaq və ya kalibrləmə laboratoriyasının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu" e-xidməti ölkədə sınaq və ya kalibrləmə laboratoriyasının akkreditasiyasının həyata keçirilməsi, akkreditasiya attestatının verilməsi üçün müraciət və sənədlərin elektron qaydada qəbulunu əhatə edir.

"Standartlaşdırma sahəsində normativ sənədlərin qeydiyyatı və onlarda dəyişiklik aparılması üçün müraciətin və sənədlərin qəbulu" e- xidməti Azərbaycan Respublikasında standartlaşdırma sahəsində normativ sənədlərin qeydiyyatı və onlarda dəyişiklik aparılması üçün müraciətin və sənədlərin elektron qaydada qəbulunu əhatə edir.

"Texniki reqlamentlər, standartlar və keyfiyyətin qiymətləndirilməsi prosedurlarına dair sorğuların onlayn təqdim edilməsi" e-xidməti Azərbaycan Respublikasında və ölkə xaricindən fiziki və hüquqi şəxslər tərəfindən texniki reqlamentlər, standartlar və keyfiyyətin qiymətləndirilməsi prosedurlarına dair sorğuların elektron qaydada qəbulunu və cavablandırılmasını əhatə edir.

"Apellyasiya şurasına etirazın (ərizənin) verilməsi" e-xidməti isə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurasına aşağıdakı məsələlərlə bağlı etirazın (ərizənin) elektron qaydada verilməsini əhatə edir:

a) ixtira, faydalı model və sənaye nümunəsinə patent verilməsindən imtina qərarı barəsində verilən etirazlara;

b) ixtira, faydalı model və sənaye nümunələri barəsində dərc olunmuş iddia sənədlərinə qarşı verilən etirazlara;

c) verilmiş patentlə əlaqədar daxil olan etirazlara;

ç) "Patent haqqında" Qanunun 37-ci maddəsinə görə patentin etibarsız sayılmasına

dair yaranan mübahisələrə;

d) ilkinliklə əlaqədar yaranan mübahisələrə;

e) əmtəə nişanı, coğrafi göstərici barəsində verilən iddia sənədlərinin ilkin ekspertizası zamanı qəbul olunmuş imtina qərarına qarşı verilən etirazlara;

ə) əmtəə nişanı, coğrafi göstərici barəsində verilən iddia sənədlərinə görə ekspertizanın qəbul etdiyi imtina qərarına qarşı verilən etirazlara;

f) əmtəə nişanının, coğrafi göstəricinin qeydə alınması faktına qarşı verilən etirazlara;

g) müvafiq və digər əsaslar pozulmaqla qeydiyyata alınmış əmtəə nişanına qarşı verilən etirazlara;

ğ) əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz 5 il istifadə olunmadıqda qeydiyyata xitam verilməsi ilə əlaqədar təqdim olunan etirazlara;

h) patent müvəkkillərinin attestasiyası, qeydiyyatı və fəaliyyəti ilə əlaqədar verilən etirazlara;

x) əmtəə nişanının geniş tanınmasına dair ərizələrə və geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazlara;

ı) coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin ləğv edilməsinə dair etirazlar;

i) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanın sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələblərinin pozulmasına.

Bütün xəbərlər Facebook səhifəmizdə