Dövlət qulluqçularının peşə bayramı İdarəçilik Akademiyasında qeyd olundu

Dövlət qulluqçularının peşə bayramı İdarəçilik Akademiyasında qeyd olundu

Bu gün Prezident yanında Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramına həsr olunan "Dövlət qulluğunun aktual problemləri" mövzusunda elmi-praktiki konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransı Akademiyanın rektoru Urxan Ələkbərov açaraq Azərbaycanda çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edib.

U. Ələkbərov dövlət qulluğu sahəsində aparılan islahatların uğurlu nəticəsindən, "Dövlət qulluğu haqqında" qanunun qəbul edilməsi ilə ölkədə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əhəmiyyətindən danışıb.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov isə dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatlar nəticəsində əldə olunan uğurlardan söz açıb. O vurğulayıb ki, rəhbərlik etdiyi komissiyanın əsas məqsədləri dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi və digər məsələlərin həyata keçirilməsini təmin etməkdir.

B. Xəlilov çıxışının sonunda konfrans iştirakçılarının bu il keçiriləcək prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəklərini açıqlayıb.

Qeyd edək ki, Azərbaycanda 23 iyun-Dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə