Dövlət qulluğu sahəsində yeni strategiya hazırlanır

Dövlət qulluğu sahəsində yeni strategiya hazırlanır

"Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiya hazırlanır. Konsepsiya bütün müvafiq orqanların rəyi alındıqdan sonra yekunlaşacaq. Komissiyada da konsepsiyaya baxılıb və müvafiq təkliflər verilib". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.

O həmçinin dövlət qulluğu sahəsində etik davranış qaydalarının pozulması ilə bağlı məsələyə də münasibət bildirib: "Hər ilin sonunda bütün dövlət orqanları etik davranışla bağlı məlumatları ümumiləşdirib, komissiyaya təqdim edir. Komissiya da bunu cəmiyyətə elan edir. Hər bir dövlət orqanının etik müvəkilləri var. İstənilən vətəndaş hər hansı bir problemlə rastlaşsa, bu barədə etik müvəkillərə və ya komissiyaya müraciət edə bilər".

Azərbaycanda dövlət qulluğu sahəsində mühüm islahatların aparıldığını deyən sədr əlavə edib ki, hazırda "Azərbaycanda Dövlət Qulluğu İslahatları üzrə Strategiya" hazırlanır: "Yəqin ki gələn il biz bu strategiyanı tamamlayıb ölkə prezidentinə təqdim edəcəyik: "Azərbaycanda Dövlət Qulluğu İslahatları üzrə Strategiya"da normativ hüquqi çərçivə, mərkəzi idarəetmə potensialı və koordinasiya öhdəlikləri, istedadlı şəxslərin işə qəbulu, əmək haqqı siyasəti, təlim və inkişaf, dövlət qulluğunun bütövlüyü və digər məsələlər öz əksini tapıb. Bu strategiyada dövlət qulluğu sahəsində mövcud olan məsələlərin, problemlərin hamısı öz əksini tapacaq. Dövlət başçısı tərəfindən həmişə dəstək görmüşük. Bu sahə ilə bağlı prezident tərəfindən bir sıra normativlər və qanunlar təsdiq olunub. Bütün bunlar ölkə rəhbərliyinin bu sahəyə böyük diqqət yetirdiyini göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə