Dövlət qulluqçularına şad xəbər!

Dövlət qulluqçularına şad xəbər!

"Dövlət qulluğu sahəsində əsas problem şəffaflığın təmin edilməsidir. Şəffaflıq nə qədər çox olsa, korrupsiyaya yer o qədər az qalar". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib. Onun sözlərinə görə, digər problemlərdən biri də dövlət qulluqçularının daim təkmilləşməsidir: "Bütün dövlət orqanlarında informasiya üzrə məsul şəxslər təyin olunub və istənilən vaxt vətəndaş cəmiyyətinin üzvləri dövlət orqanlarının fəaliyyəti barədə məlumatları qanunvericiliyə uyğun olaraq əldə edə bilərlər. İlk növbədə, dövlət qulluqçuları yeni yaranan münasibətlərə uyğun olmalıdır. Əsas vəzifəmiz dövlət qulluğuna peşəkar, yüksək potensiallı gəncləri cəlb etməkdir. Bunu müsabiqələr əsasında həyata keçiririk. Bu gün dünya ölkələrinin bir çoxu bizim bu sahədə olan təcrübəmizlə maraqlanır. Amma bununla kifayətlənməli deyil, işlərimizi davam etdirməliyik".

Komissiyanın sədri onu da qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanacaq: "Bu qiymətləndirmə dövlət qulluqçularının gələcəkdə inkişafına, karyera yüksəlişinə xidmət edəcək. Təbii ki, bu da çətin prosesdir. Prosesin formal keçməməsi üçün 4 ildir, hazırlıq işləri gedir. Hələlik, qaydalar tamamlanır. Bütün dövlət orqanlarını, o cümlədən beynəlxalq ekspertləri prosesə cəlb edirik və onların bütün təklif və rəyləri nəzərə alınır. 1-2 aya həmin qaydaları təsdiq edəcəyik. Biz artıq bununla bağlı bir çox təlimlər keçirmişik ki, gələcəkdə bu prosesin tətbiqinə başlayanda hansısa problemlə qarşılaşmayaq".

Bütün xəbərlər Facebook səhifəmizdə