Millət vəkili Anadolu Aydınlar Ocağının rəhbəri ilə görüşüb

Millət vəkili Anadolu Aydınlar Ocağının rəhbəri ilə görüşüb

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnsitutu İB-nin sədri Qənirə Paşayeva Anadolu Aydınlar Ocağının rəhbəri İbrahim Öztek və təşkilatın üzvləri ilə görüşüb. SİA-nın məlumatına görə, ilk əvvəl qonaqları salamlayan Qənirə Paşayeva, iki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əlaqələrin getdikcə daha da genişlənməsindən məmnun olduğunu deyib. Azərbaycan ilə Türkiyənin qeyri-hökumət təşkilatları arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayan millət vəkili, qurumlar arasında da əməkdaşlığın genişlənməsinin vacib olduğunu deyib.

Qənirə Paşayeva həmçinin Dağlıq Qarabağ problemi və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə, hər iki qardaş ölkənin qeyri-hökumət təşkilatları arasında ortaq layihələrin həyata keçirilməsinin vacibliyini də dilə gətirib. Anadolu Aydınlar Ocağının təşkilatçılığı ilə Bakıda keçirilən "Tarix boyu türklərə qarşı erməni xəyanətləri" mövzusunda beynəlxalq konfransın əhəmiyyətini vurğulayan millət vəkili, bu kimi tədbirlərin keçirilməsinin vacib olduğunu deyib.

Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri, Ermənistanın təcavüzkar siyasəti barədə real faktlara əsaslanaraq ətraflı məlumat verən millət vəkili Qənirə Paşayeva, problemin sülh yolu ilə həlli istiqamətində Azərbaycanın göstərdiyi səylərdən və işğalçı dövlətin destruktiv mövqeyindən danışıb.

Bununla yanaşı millət vəkili Azərbaycanın qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib və ölkənin bu istiqamətdə gördüyü işlər barədə məlumat verib.

Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə edən Anadolu Aydınlar Ocağının rəhbəri İbrahim Öztek və təşkilatın üzvləri "Bir millət iki dövlət" olan Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər. Anadolu Aydınlar Ocağı barədə ətraflı məlumat verən qurumun sədri İbrahim Öztek, rəhbərlik etdiyi təşkilatın Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıq etmək niyyətində olduğunu deyib. O, təşkilat tərəfindən həyata keçirilən layihələr və nəzərdə tutulan işlər barədə də danışıb. "Tarix boyu türklərə qarşı erməni xəyanətləri" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gəldiyini deyən İbrahim Öztek, iki qardaş ölkənin qeyri-hökumət təşkilatları tərəfindən bu qəbildən olan tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, görüşün sonunda millət vəkili Qənirə Paşayeva Anadolu Aydınlar Ocağının rəhbəri İbrahim Öztekə Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi ilə bağlı materiallar hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə