AQUP üzrə Elmi Tədqiqat İnstitutu yaradılacaq

AQUP üzrə Elmi Tədqiqat İnstitutu yaradılacaq

Ailə, Qadın və Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanın müxtəlif sahələrində fəaliyyət göstərən qadınların sayını açıqlayıb. SİA-nın xəbərinə görə, Ailə, Qadın və Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Bakıda keçirilən Ombudsmanların XI Bakı Beynəlxalq Konfransının ikinci günündə çıxışı zamanı deyib ki, hazırda dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi artaraq 28%, qadın sahibkarların sayı isə 17% olub.

Onun sözlərinə görə, fəlsəfə elmləri namizədlərinin 50%-i, bədən tərbiyəsi və idmanla məşğul olanların 40%-i qadınlardır: "Milli Məclisdə qadınların təmsilçiliyi 16 %-ə qədər artıb. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 5 dəfə artıb və 27 faiz olub. 35 icra hakimiyyəti başçısının müavini qadındır. Azərbaycanda qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyon Azərbaycan vətəndaşının 400 mindən çoxu qadınlar, 300 mindən çoxu isə uşaqlardır".

O bildirib ki, bu rəqəmlərin arxasında yüz minlərlə qadının, qızın öz evlərini itirməsi, talelərinin qırılması problemi dururdu: "Həmin qadınların ictimai-siyasi həyata inteqrasiya edilməsi dövlətin əsas məqsədlərindəndir: "Hazırda bu qadınlar arasında millət vəkili, müəllimlər, həkimlər, dövlət qulluqçuları, kənd təsərrüfatında çalışanlar var. Qaçqın və məcburi köçkün qadınların sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi də vacib məsələlərdəndir".

"Azərbaycanda məişət zorakılığına məruz qalmış şəxslər və zorakılığı törədən insanlarla aparılan işin keyfiyyətini artırmaq və ilkin müdaxilə etmək üçün sığınacaq mərkəzlərinin sayının artırılması və peşəkar xidmətin yüksəldilməsinə ehtiyac var. Ölkədə zorakılıq, təhsildən yayınma və erkən nikah halları üzrə monitorinq sistemi yaradılacaq. Aktual məsələlərdən biri də Ailə, Qadın və Uşaq Problemləri üzrə elmi tədqiqat institutunun yaradılmasıdır. Komitədə "İnformasiya və analitik araşdırmalar" şöbəsi fəaliyyət göstərir. Lakin bu sahədə problemləri araşdırmaq üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Elmi Tədqiqat İnstitutunun yaradılması daha məqsədə uyğundur. Azərbaycanda dövlət tərəfindən Ailə İnstitutunun möhkəmləndirilməsi, qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi məqsədilə mühüm tədbirlər görülməkdədir və bu gələcək də davam etdiriləcək",- deyə komitə sədri fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə