İpək Yolunun ətrafında güclü yanğın başlayıb YENİLƏNİB - FOTOLAR

İpək Yolunun ətrafında güclü yanğın başlayıb YENİLƏNİB - FOTOLAR

Bu saatlarda Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisində, daha konkret desək rayonun Pirsaat kəndindən keçən hissəsində güclü yanğın başlayıb. SİA-nın Aran bürosunun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yolun bir tərəfindən başlanan yanğın günün istisindən və havanın küləkli olması səbəbindən yolun digər tərəfinə də keçib. On hektarlarla ərazi yanıb.

Xəbər verilir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Hacıqabul Rayon Yanğından Mühafizə xidmətinin əməkdaşları ilə yanaşı Daxili Qoşunların əsgərləri də cəlb olunub. Hələlik yanğının qarşısını almaq mümkün olmayıb. Yolun sol tərəfində yanğın söndürülüb. Sağ istiqamətdə yanğın hələ də davam edir.

Qeyd edək ki, yanğınsondürənlərin köməyinə Şirvan şəhər Yanğından Mühafizə Xidmətinin əməkdaşları da gəlib. Yanğının hansı səbəbdən törənməsi, yaxud törədilməsi barədə araşdırma aparılır.

***

15:28

Hacıqabun dağlarında başlayan yanğın genişlənməkdədir. SİA-nın Aran bürosunun müxbirinin hadisə yerindən verdiyi məlumata görə günorta 13:00 radələrində Hacıqabul rayonun Pirsaat kəndi ərazisində Bakı Qazax yolunun sağ tərəfində İslam kafesinin ətrafında günəşin qızmar şüası nəticəsində çöllükdə yanğın başlayıb. Yanğının genişlənməsinin və xüsusi ilə yeni salınmış yaşıllıq zolağına keçməsinin qarşısı Hacıqabul rayon Yanğından Mühafizə Xidmətinin və polis şöbəsinin əməkdaşları tərəfindən alınıb. Qəflətən yanğın yolun sol tərəfində daha geniş təxminən 100 hektarlarla ərazidə başlayıb. Həmin ərazidə təxminən 100 ədəd yol kənarında əkilmiş ağaclar məhv olub. Yaşıllığın tamam yanmasının qarşısını Hacıqabul Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları fədakarlıqla ala biliblər. Bundan sonra Şirvan Yanğından Mühafizə Xidmətinin texnikaları və daxili qoşunun əsgərləri əllərində bel əraziyə cəlb olunublar. Güclü və isti külək yangının ərazisini genişləndirərək Şirvan şəhər istiqamətinə yayılıb. Yanğını söndürmək hələlik mümkün olmayıb.

Əlavə məlumat verəcəyik.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə