Mehriban Zeynalova: “Erkən nikahların qarşısının alınması üçün qanunlar sərtləşdirilməlidir”

Mehriban Zeynalova: “Erkən nikahların qarşısının alınması üçün qanunlar sərtləşdirilməlidir”

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən, Kaunterpart İnternational təşkilatı tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində icra olunan Qadın İştirakçılığı Proqramının yerli tərəfdaşları olan "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın ictimai vəkillik mexanizmlərindən istifadəsi" layihəsi çərçivəsində Azərbaycan Respublikasının BMT-nin CEDAW Komitəsinə təqdim etdiyi 5-ci dövrü hesabata Alternativ Hesabatın müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan "Təmiz Dünya" təşkilatının sədri Mehriban Zeynalova layihə haqqında qısa məlumat verib. Bildirib ki, mühafizə orderi nəzərdə tutulduğu halda, onun praktiki tətbiqi mexanizmləri yoxdur: "Erkən nikahların qarşısının alınması istiqamətində qanunvericilik probleminin olmamasına baxmayaraq, praktikada erkən nikahların qarşısının alınmasının effektiv mexanizmləri yoxdur. Erkən nikahların qarşısının alınması üçün qanunlar sərtləşdirilməlidir. Çünki qəbul olunan qanunlar, aparılan mübarizə və maarifləndirmə işləri hesabatda əks olunan problemləri aradan qaldırmaq üçün kifayət deyil. Hesab edirəm ki, qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması maarifləndirmə ilə yanaşı sərt cəzalardan keçir.

Daha sonra Koalisiyanın üzvü Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, alternativ hesabatın hazırlanması üzrə işçi qrupunun rəhbəri Sahib Məmmədov hazırlanan hesabatla bağlı təqdimat edib. Bildirib ki, hesabatda BMT-nin Qadınlara qarşı Ayrı-Seçkiliyin Ləğvi üzrə Komitəsinin 20 iyul- 7 avqust 2009 - cu il tarixli 44-cü sessiyasında qəbul etdiyi Azərbaycan dövlətinin 4-cü dövrü hesabatı ilə bağlı yekun qeyd şərtlərin və tövsiyələrlə bağlı həyata keçirilən hüquqi və praktiki fəaliyyətlərə və tövsiyələrin icra vəziyyətinə həsr olunub. S. Məmmədov qeyd edib ki, hesabatda ayrı-seçkilik yaradan qanunlar, məişət zorakılığın və insan alverinin qarşısının alınmasına yönələn hüquqi və praktiki fəaliyyətlər qiymətləndirilib.

Dəyirmi masa hazırlanan alternativ hesabatın müzakirəsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə