Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

Azərbaycan Respublikası aclığa və yoxsulluğa qarşı mübarizə sahəsində əldə etdiyi uğurlara görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xüsusi mükafatına layiq görülüb.

Mükafat iyunun 16-da İtaliyanın paytaxtı Romada FAO-nun mənzil-qərargahında təşkilatın baş direktoru Joze Qratsiano da Silva tərəfindən kənd təsərrüfatı naziri İsmət Abasova təqdim edilib.

Bu mükafat 2000-ci ildə BMT-nin Baş Assambleyasında qəbul olunmuş Minilliyin İnkişaf Məqsədlərindən birincisi olan "aclığın yarıya qədər azaldılması"na və 1996-cı ildə Romada keçirilmiş Dünya Ərzaq Sammitində qəbul olunmuş "kifayət qədər qidalanmayan əhalinin yarıya qədər azaldılması" üzrə məqsədə nail olmuş ölkələrə təqdim edilib. Azərbaycan hər iki məqsədə nail olub. Mükafatın verilməsində məqsəd aclığa və yoxsulluğa qarşı mübarizədə radikal islahatlar həyata keçirmiş ölkələrin siyasi iradələrinin FAO tərəfindən etiraf edilməsi və yüksək qiymətləndirilməsindən ibarətdir.

Nazir İsmət Abasov təqdimat mərasimində çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış dövlət proqramlarının icrası nəticəsində ölkəmizdə yoxsulluğun 50 faizdən 5 faizə enməsi, son illərdə kənd təsərrüfatı sahəsində illik 6 faiz artım olmaqla dinamik inkişafın təmin edilməsi və kənd ərazilərində yaşayan əhalinin rifah halının yaxşılaşması barədə danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə