15 iyun-Milli Qurtuluş günü Samux rayonunda qeyd olunub

15 iyun-Milli Qurtuluş günü Samux rayonunda qeyd olunub

Bu gün Samux rayonunda rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon Təşkilatının tədbirlər planına uyğun olaraq "Heydər Əliyev Azərbaycanın xilaskarıdır" mövzusunda tədbir keçirilib. Tədbirdən öncə YAP Samux rayon təşkilatının şura üzvləri, YAP fəalları Ulu öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək Ümummilli liderin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev qeyd edib ki, 15 iyun Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. A.Qocayev vurğulayıb ki, həyatda elə unudulmaz, əlamətdar günlər, hadisələr var ki, ölkənin, insanların taleyində, müqəddəratında həll edici rol oynayır və həmin xalqın yaddaşına əbədi həkk olunur, tarixə qızıl hərflərlə yazılır: "Azərbaycan üçün 1993-cü il iyunun 15-i məhz belə tarixlərdəndir. Həmin gün Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışı, dövlətçiliyimizin xilası - Milli Qurtuluş Günüdür".

Daha sonra YAP Samux rayon Təşkilatının sədri Gündüz Bayramov "Heydər Əliyev və Azərbaycanın Milli Qurtuluşunun 20 ili " mövzusunda məruzə ilə çıxış edib. Gündüz Bayramov qeyd edib ki, Azərbaycan xalqının müasir tarixinin çox əhəmiyyətli dönüş nöqtəsi 15 iyun 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə tarixi qayıdışıdır: "15 iyun 1993-cü ildə müstəqil Azərbaycanın memarı və qurucusu, fenomenal tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın tarixinə "Milli Qurtuluş Günü " kimi daxil olub. Qurtuluş missiyalı bu qayıdış Azərbaycan xalqının itmiş inamını özünə qaytarıb, sabaha, gələcəyə olan inamını artırıb".

Sonra natiq qeyd edib ki, 15 iyun 1993-cü ildən keçən 20 il ərzində müstəqil dövlətimiz möhkəmlənib, inkişaf edib və dünya dövlətləri arasında söz sahibi olub.

Məruzə ətrafında çıxış edənlər Əliyev Qəzənfər, Məmmədov Bəxtiyar, Əsədov Musa, Əliyev Nizami və başqaları bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı müasir və müstəqil Azərbaycanın təməlini qoyub. Məhz 15 iyun günündə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atəşkəs elan olunub və müstəqil Azərbaycanın inkişaf trayektoriyası müəyyənləşdirilib. Bu gün Ulu Öndər tərəfindən əsası qoyulan və özündə inkişafı ehtiva edən siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə