AMEA-da Milli Qurtuluş Gününə həsr olunmuş elmi konfrans keçirilib

AMEA-da Milli Qurtuluş Gününə həsr olunmuş elmi konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş elmi konfrans keçirib. SİA-ya verilən məlumata görə, institut direktorlarının da toplaşdığı tədbiri AMEA-nın vitse-prezidenti, millət vəkili akademik İsa Həbibbəyli açıb. O, qeyd edib ki, 15 iyun Azərbaycan xalqı üçün şərəfli tarixin bayram günüdür. İyirmi il bundan əvvəl ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkə uçuruma yuvarlanmaqdan qurtulub: "Azərbaycan tarixində dönüş nöqtəsi yazmış bu hadisə ölkə elmini də məhv olmaqdan xilas edib. Bu gün alimlər sözügedən bayramı Ümummilli liderə minnətdarlıq hissi ilə qeyd etməyə toplaşıblar".

Sonra, akademik "Azərbaycanda milli qurtuluş: Tarixin dönüş məqamından yüksək inkişafa" adlı geniş məruzə ilə çıxış edib. Natiq Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın müasir mərhələdəki hərtərəfli inkişafından bəhs edən məruzədə xatırladıb ki, Azərbaycan Milli Qurtuluş günü 1997-ci ildən qeyd edilir və 1998-ci ildə bu bayrama dövlət statusu verilib.

Akademik qeyd edib ki, 1991-ci ilin oktyabrında müstəqilliyini bərpa etmiş Azərbaycan sonradan Ermənistanın işğalçı siyasəti nəticəsində böhrana məruz qalıb: "1993-cü ilə qədər zamanın ağır sınağı kimi müşahidə olunan həmin dövr məhz xalqın xilaskarı Heydər Əliyevin 15 iyunda hakimiyyətə qayıdışı ilə sona çatıb. Həmin gündən Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Heydər Əliyevin həm keçmiş sovet dövründə, həm də müstəqillik illərində elmin inkişafı istiqamətində həyata keçirdiyi davamlı siyasəti sayəsində AMEA Azərbaycan xalqının intellektual sərvəti kimi qorunub saxlanılıb, fəaliyyət dairəsi xeyli genişləndirilıb və səlahiyyətləri artırılıb. Bunlardan əlavə, Azərbaycan Elmlər Akademiyasına Ümummilli lider tərəfindən milli statusu verilib".

Qeyd edək ki, elmi konfransda Heydər Əliyevin həyat yolu və fəaliyyəti, həmçinin Azərbaycanın müstəqillik dövründəki inkişafına həsr olunmuş slaydlar nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə