Ağacın, yaşıllığın, meşə zolaqlarının insan həyatında hansı rola malik olduğunu hər kəs bilir. Amma görünür Xətai rayonunun aidiyyəti qurumları bu barədə çox bilgisizdirlər. Onlar ya oksigen yastıqları ilə yatıb-durur, ya da para qazanmaq onlara elə imkanlar yaradıb ki, günlərini paytaxtda iş başında yox, Qafqaz sıra dağlarının ətəklərində tikdirdikləri villalarında keçirirlər. O üzdən də Bakıda yaşıllığın nə demək olduğunu anlamırlar.
Yazdıqlarımızda yalan, qüsur, qərəz nə isə varsa "mütəxəssislər"dən biriqabağa çıxıb bizə meşə zolaqlarının kəsilməsinin vacibliyini başa salsınlar. Maraqlıdır 20-30 ilə Bakının küləyinə sinə gərib, təbiətin şıltaqlığına dözüb bu günümüzə gəlib çatan, min manatlarla vəsaitə başa gələn iri ağacları bir gecənin içində kəsib atanlara, onları bu cinayətə, terrora sürükləyənlərə, buna görə onlara gözün üstə qaşın var deməyənlərə nə ad verək? Elə görünür ki, sanki bu belə də olmalı imiş. Meşələrin bol olduğu rayonlarda bir ağacı kəsən 2-3 min manat cərimə ödəməli olur. Hesab etsək ki, bəzi kəndlərimizdə bunu yalnız oduncaq-yanacaq kimi istifadə edirlər və incanlar bu əməli heç də qazanc əldə etmək üçün etmirlər. Bakıda isə ağacları kəsib yerində ... mağaza, çayxana, iri ticarət obyekti, hətta sağlamlıq mərkəzi, klinika tikirlər. Başa düşmək olmur ağaclar niyə kəsilməli, yaşıllıqlar niyə məhv edilməlidir ki, vətəndaşlar təmiz hava, oksigen qıtlığından, antisanitariyadan bu və ya digər xəstəliyə tutulsunlar. Yaxşısı budur ki, nə ağac kəsilsin, nə xəstəlik yayan ağcaqanad çoxalsın, nə gəmiricilərin artımı üçün şərait yaransın, onda sağlamlıq mərkəzlərinin, özəl klinikaların yol kənarlarında, meşə zolaqlarında qanunsuz tikintisinə ehtiyac qalmaz.
Yazının hədəfini bir az konkretləşdirək. Hər gün Gəncə prospekti ilə işə gəlib, axşam evə qayıdıram. Demək olar ki, hər ağacın, kolun sayını bilirəm. Marşrutum ya Vunq-Tau küçəsindən keçib "Əhmədli", ya da birbaşa "Həzi Aslanov" metrostansiyasına düşməkdir. Hər iki istiqamətdə gördüklərin məni dəhşətə gətirir. 1980-cı ilə ilk dəfə Bakıya gəldiyimi, indi böyüyən, o vaxtlar isə hələ fidan olan ağacları yadıma salıram. Bu ağacların hansı əziyyətlə əkildiyinin şahidiyəm. İndi kimsə ailəsinə gəlir yeri, qazanc mənbəyi əldə etmək üçün milyonlarla xərc qoyulmuş meşə zolaqlarını məhv edib yerində mağaza tikir, maşın təmiri sexi inşa edir. Buna şəraiti kim yaradır? Təbii ki, yerli icra hakimiyyəti.
Artıq neçə ildir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın hər yerində, xüsusilə Bakı və onun ətraf kənd və qəsəbələrində ağacəkmə kampaniyası keçirilir. Bu xeyirxah işin qarşılığı olaraq xalqımız ağacəkmə kampaniyasında fəal iştirak edir. Hesablamalara görə iki il ərzində əkilən fidanların sayı milyonlarladır. Xətai rayonunda isə əksinə 20-30 illik ağaclar kəsilir və yerində yalnız bir ailəyə xidmət edən gəlir yeri, qazanc mənbəyi yaradılır. Xətai rayonunda baş verən yaşıllıq soyqırımını görmək istəyən, bizim qeydlərimizin yalan-doğru olduğunu yoxlamaq istəyən varsa ləngimədən bu rayona gəlsin, "Xalqlar Dostluğu" metrosundan çıxıb üzü Gəncə prospekti istiqamətində müşahidə aparsın. Yolun sağ və sol hissəsində inşa edilən obyektlərin sayını öyrənsin. Onda bizim bu qədər fəryad etdiyimizin fərqində olar. Binaların qarşısında olan meşə zolaqlarından demək olar ki, əsər əlamət qalmayıb. Bütün ağacları kəsib yerində supermarketlər, kafelər, çayxanalar tikiblər.
Bu gün səhər hörmətli bir şəxsin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayevin açıqlamasını oxudum. Hörmətli dostum bildirir ki, bu il Bakının baş planın qəbul edilərək təsdiqlənəcəyi gözlənilir" "Bakı tarixi mövcud, qədim şəhərdir. Biz istəsək də, istəməsəkdə mövcud şəhərin yenidən qurulması sökütülərlə müşahidə edilməlidir. Bakı şəhərinin ilk dəfə 1550 hektar ərazisinin müfəssəl planı layihəsi hazırlanıb və orada bir çox yeniliklər var. Onlardan biri də şəhərin mərkəzi hissəsində yaşıllığın artırılmasıdır. Belə təklif edilir ki, cəmi 116 hektar olan yaşıllıq sahəsi 3 dəfə artırılsın".
C.Qocayevin sözlərinə görə, müfəssəl planlaşdırma layihəsi 2030-cu ilə qədər olan dövrü əhatə edir: "2030-cu ilə kimi Bakının 1550 ha ərazisi boz ərazidən yaşıl əraziyə çevriləcək. Həmin ərazi nisbətən dar küçələri geniş küçələr əvəz edəcək. Mərkəzi küçələrin sahəsi 30-35 faiz artacaq. Hesab edirəm ki, 2030-cu ildə əsl tarixi, qədim Bakıya bənzəyən müasirləşmiş, yeni Bakının şahidi ola biləcəyik".
Şöbə müdiri deyib ki, yaşıllaşdırmanın əsas hissəsinin "Sovetski" kimi tanıdığımız ərazinin payına düşür. Komitə rəsmisinin sözlərinə görə, bu ərazini söküb yerində hündür binalar tikmək şəhərsalma, ekoloji, məskunlaşma nöqteyi-əzərindən məqsəduyğun sayılmır. Həm ərazinin həddindən artıq yüklənməsi, eyni zamanda ekoloji vəziyyətin çətinləşməsi ola bilər: "Heydər Əliyev sarayının arxasından başlayaraq, Hüseyn Cavid prospektindəki Milli Elmlər Akademiyasının binasına qədər bir zolaq gələcəkdə yaşıllaşdırılması planda var".
Hörmətli Cahangir müəllimə bir təklifimiz də var: Yaşıllıq salmaq kimi xeyirxah işlərin sayı çox azdır, bunu bilirsiniz. Yaşıllığı məhv etməyin də cinayət olduğunu bilirsiniz. Bəlkə, bu cinayəti törədənləri ifşa edək? Yoxsa öyrəncəli olan bu şəxslər sizin əkdiklərinizi də məhv edəcəklər. Gəlin Xətai rayonuna, dediyimiz ünvanda gördükləriniz sizi də şoka salacaq. 1980-cı illərdə ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə salınmış meşə zolaqlarının indi bəzi işbazların əli ilə necə məhv edildiyinin siz də şahidi olun. Yoxsa çəkilən əziyyətlər heçə gedəcək.
Görəsən, ağac kəsənlərin kökü nə vaxtsa kəsiləcəkmi?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB